GİRİŞ
Hörmətli oxucu!
“Meyvəçilik ustası” hazırlığı üzrə modullar silsiləsindən növbəti vəsaiti fərqli tərtibat və dizayn, öyrədici tapşırıqlar, resursların təqdimatı və d. yeniliklərlə Sizin ixtiyarınıza veririk.
Qarşınızdakı modul “Giləmeyvə bitkiləri”nə həsr olunmuşdur. Giləmeyvə bitkiləri dedikdə əsasən çiyələk, moruq, böyürtkən, qarağat, kivi və firəng üzümü bitkiləri nəzərdə tutulur. Bunlardan respublikamızda çiyələk, moruq, kivi və qismən qarağat bitkiləri üzrə sənaye əhəmiyyətli plantasiyalar mövcuddur. Böyürtkən və firəng üzümü isə əsasən yabanı halda yayılmışdır. Sonuncu iki cins həmçinin qismən həyətyanı sahələrdə becərilir.
Giləmeyvələrin tərkibi vitaminlər, üzvi turşular, bioloji fəal maddələr və d. elementlərlə zəngin olmaqla böyük qida və tibbi əhəmiyyətə malikdir. Belə ki, giləmeyvələr müntəzəm qəbul edilməklə bir çox xəstəliklərin profilaktikasında və müalicəsində geniş istifadə olunur. Giləmeyvələr güclü antiseptik və antibiotik xüsusiyyətli olmaqla orqanizmin immunluq qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Bu bitkilər eyni zamanda iqtisadi cəhətdən yüksək gəlirli bitkilərdir. Bu baxımdan giləmeyvə məhsulu istehsalının artırılması günün vacib məsələlərindən biridir.
Giləmeyvə bitkiləri digər meyvə bitkiləri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Giləmeyvələr əkindən sonra tez məhsula düşür, meyvələri tez yetişir, hər il sabit və yüksək məhsul verir. Eyni zamanda bitkiləri həddindən artıq yığcam (kompakt) olduğundan hektarda bitki sayı daha çox olur ki, nəticədə sahə vahidindən daha yüksək məhsul əldə etmək olur. Giləmeyvə bitkiləri vegetativ hissələrlə daha asan artırıldığından qısa müddətdə kütləvi əkin materialı istehsal oluna bilir.
Əziz təhsilalanlar! Sizə təqdim olunan bu modulda giləmeyvə bitkiləri qrupunun əsas xüsusiyyətləri, ətraf mühit amillərinə tələbləri, cinslər üzrə əkin materialı (ting) istehsalı, plantasiya salınması, plantasiyalarda torpağa və bitkilərə qulluq texnologiyası, başlıca xəstəliklər, zərərvericilər və onlarla əsas mübarizə tədbirləri, məhsul yığımı, saxlanması və satışının təşkili ilə bağlı bütün məsələlər öz geniş əksini tapmışdır.
İnanırıq ki, ixtiyarınıza verilən bu modulu mənimsəməklə giləmeyvə bitkiləri üzrə həm sağlam əkin materialı, həm də məhsul istehsalının təşkili qaydalarını tam öyrənəcəksiniz, bilik və vərdişlərə yiyələnəcəksiniz. Bu isə gələcəkdə peşə fəalyyətinizi davam etdirmək üçün Sizə əsaslı zəmanət verir.
Əziz oxucu! Sözsüz ki, qarşınızdakı vəsait nöqsanlardan uzaq deyil. Modulun məzmunu və tərtibatı üzrə təklif və iradlarınızı y.suleymanova13@mail.ru ünvanına göndərə bilərsiniz.