Firəng üzümünün suvarılması. Firəng üzümü rütubətə tələbkar bitkidir. Rütubət çatışmazlığından məhsuldarlıq kəskin aşağı düşür. Suvarma 5-6 sutkadan bir aparılır. Hər suvarmada bir kola orta hesabla 20-30 l su verilir. Müasir plantasiyalarda əsasən damcı ilə suvarma tətbiq olunur (Şəkil 5.21).
5.5. Kivi
Ümumi qulluq işləri. Quraq hava şəraitində yay ərzində yeni salınmış plantasiyada torpaq mulça altında saxlanılır. Mulça altında torpaq yumşaq və rütubətli qaldığından kivi bitkisinin kökləri normal böyüyüb inkişaf edir. Havada nisbi nəmlik az olduqda səhər və axşamlar yarpaqlara su ilə çiləmə aparılır. Xüsusilə ömrünün ilk iki ilində bitkilər isti yay günlərində tor örtüklərlə Günəş şüalarının yandırıcı təsirindən qorunmalıdır. Kivi bitkisi saçaqlı kök sistemi yaradır və köklərin əsas kütləsi 30 sm-ə qədər dərinlikdə yerləşir. Bu səbəbdən də gövdəətrafı torpağı yumşaldarkən bir qədər ehtiyatlı olmaq lazımdır, köklər zədə almasın. Xüsusilə cərgəboyu torpaq yumşaq və alaq otlarından təmiz halda saxlanmalıdır (Şəkil 5.22).
Kivi bitkisinin budanılması. Kivi bitkisinin budanılması zamanı aşağıdakı məsələlərə diqqət yetirilməlidir: