Gübrələmə. İlk üç ildə plantasiya sahəsinə təsiredici maddə hesabı ilə 40-60 kq/ha azot, fosfor və kalium gübrələri verilir. Fosfor və kalium gübrələri payızda torpağın şumlanması və yaxud disklənməsi zamanı tam doza ilə verilir. Azot gübrəsi isə 2-3 yerə bölünərək maydan iyula qədər hissə-hissə verilir. Əgər gübrələmə damcı suvarma ilə aparılırsa suda asan həll olan “Master” gübrəsindən istifadə olunur. Vegetasiyanın əvvəlində aparılan gübrələmədə “Master” 18:18:18 götürülür. Meyvələrin böyüməsi və formalaşması dövründə fosforun miqdarı bir qədər artıq götürülür. Vegetasiyanın sonunda isə kalium gübrəsinə üstünlük verilir. Yemləmə şəkilində qumat tipli üzvi stimulyatordan istifadə olunması da tövsiyə olunur.
Eyni zamanda kombinəedilmiş “Plantafol” gübrəsi (20:20:20) ilə kökdənkənar yemləmə aparılır. Bu zaman məhlula 250 q/100 l “Meqafol” əlavə edilir. İmmunitetin artırılması məqsədilə may və iyul aylarında olmaqla iki dəfə “Kendal” verilir. Bitkilər məhsula düşdükdən sonra gübrə normaları 50-100 % artırılır.
Suvarma. Qarağat bitkisi rütubətə yüksək tələbkardır. Hətta torpaqda qısamüddətli rütubət çatışmazlığı bitkiyə pis təsir göstərir. Vegetasiya dövründə ümumilikdə 6-12 dəfə suvarma aparılır. İl ərzində suvarma norması 3000-4000 m3/ha təşkil edir. Damcı ilə suvarma zamanı su norması iki dəfə azalır. Qarağat bitkisi üçün süni yağışyağdırma üsulu ilə suvarma daha əlverişlidir. Bu xüsusilə havada nisbi nəmliyi aşağı olan quraq bölgələrdə daha əlverişlidir.
5.4. Firəng üzümü
Ümumi qulluq işləri. Firəng üzümü vegetasiyaya erkən yazda başlayır. Mayda çiçəkləyir, meyvələri iki aydan sonra yetişir. Vegetasiya dövründə əsas qulluq işləri suvarma, yemləmə, torpağın yumaşldılması və alaq otları ilə mübarizədir. Əsas məsələ aqrotexnoloji qulluq işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsidir. Kollar məhsula düşənə qədər suvarma və dibdoldurma, kolətrafı torpağın yumşaldılması işləri aparılmalıdır. Payızda məhsuverən kolların altına 12 sm qalınlığında ağac kəpəyi ilə qarışdırılmış torf, və yaxud çürüntü verilir. Erkən yazda həmin mulça təmizlənir və torpaq yumşaldılır.
Unlu şeh xəstəliyinə tutulmuş kollar vegetasiyanın əvvəlində – erkən yazda isti su ilə yuyulur, iki həftədən sonra kaliumlu gübrə məhlulu (100 q/10 l su) işlənir. Çiçəkləmədən dərhal sonra isə 10 l suya qarışdırılmış “Skor” (2 q), Euparen (10 q), “Bayleton” (10 q) və yaxud “Topaz” (1-2 q) məhlulu ilə işlənir.
Mənənə, qarışçı və mişarçıya qarşı isə kül-sabun məhlulundan istifadə olunur. Bunun üçün ələnmiş kül bir sutka ərzində ilıq suda saxlanılır, sonra ona 50 q təsərrüfat sabunu əlavə edilir.
Atəş böcəyi ilə mübarizə məqsədilə kolətrafı torpaq yumşaldılır, gübrə verilir və bərk materiallarla (tol, ruberoid, plyonka, müşənbə və s.) örtülür. Qışda torpaqda qışlayan atəşböcəyi fərdləri torpaq səthinə çıxa bilmir və məhv olur.