Qara qarağat bitkisi mulçalamaya yüksək həssas bitkidir. Yaxşı olar ki, gövdəətrafı zona cərgəboyu ağac kəpəyi, çürümüş peyin və yaxud küləşlə 5-10 sm qalınlığında mulçalansın.
Budama. Əkindən sonra bitkinin yerüstü hissəsi 3 tumurcuğa qədər gödəldilir. Qalan digər zəif zoğların hamısı dibindən kəsilib atılır. Birinci və ikinci ildə kolda çoxlu zoğlar əmələ gəlir. Həmin zoğlardan zədəli, xəstə olanlar və kölgə yaradanlar kəsilir. Üçüncü ildən başlayaraq hər kolda 5-10 ədəd zoğ saxlanılaraq bitkilərə forma verilir. 3-cü ildə bir kolda 15-20 ədəd məhsuldar gövdələr, 5-8 ədəd isə cavan gövdələr olur. Kol üzərində normal assimilyasiya səthi yaratmaq lazımdır. Ona görə də gövdələr elə yerləşdirilməlidir ki, onlar bir-birini kölgələndirməsin və işıqla yüksək səviyyədə təmin olunsunlar. 5-6 yaşdan başlayaraq az məhsuldar yaşlı zoğlar tədricən kəsilib atılmalıdır. Eyni zamanda qırılmış, don vurmuş, torpağa yatan, xəstəlik və zərərvericilərlə zədələnmiş budaqlar kəsilib sahədən çıxarılmalıdır. Ümumiyyətlə kol üzərində yaşı 4-5 ildən çox olan gövdələrin saxlanması məqsədəuyğun deyil (Şəkil 5.18). Çünki həmin zoğların böyümə gücü kəskin şəkildə aşağı olur və onların üzərində formalaşmış meyvələr xırda olur.
Şəkil 5.18. Qarağat bitkisinin düzgün budanılma ardıcıllığı
Bitkilərin yaşıl budaması yüksək nəticə verir. Yayda bu məqsədlə birillik zoğların uc hissəsi vurulur (Şəkil 5.19). Bu əməliyyat daha məhsuldar zoğların əmələ gəlməsinə şərait yaradır. Eyni zamanda məhsuldarlıq yüksəlməklə gilələr də böyük ölçüdə olur. Dördüncü ildən plantasiya artıq yüksək məhsuldarlıq dövrünə qədəm qoyur.