Nəticədə torpaq taqətdən düşür.
Bitkinin qışadavamlılığını artırmaq məqsədilə fosfor-kalium gübrələri verilir. Tərkibində xlor olan kalium gübrələrindən istifadə etmək olmaz. Ən yaxşı kalium gübrəsi kül və kalium sulfat sayılır. Üzvi və fosfor-kalium gübrələri adətən payızda torpaq becərilərkən sahəyə verilir. Azot gübrəsi isə birinci kultivasiyadan əvvəl sahəyə verilir. Məhsuldar plantasiyada gübrələr bütün sahəyə verilir.
Üçüncü ildən başlayaraq sahəyə 20-30 t/ha hesabı ilə peyin və yaxud kompost, təsiredici maddə hesabı ilə 60 kq/ha azot, fosfor və kalium gübrələri verilir. Üzvi gübrələr ildə iki dəfə verilir. Üzvi gübrələr ilə mineral gübrələr sahəyə birgə verildikdə onda mineral gübrələrin yarısı götürülür. Gübrələrin verilmə vaxtı və dozası 8 saylı cədvəldə daha ətraflı verilir.
Qida maddəsinin adı | Verilmə dozası | Verilmə vaxtı |
Azot gübrəsi - ammonium nitrat | 80 - 100 q/m2 | 15 - 30 mart |
Çürüntü | 3 - 4 q/m2 | 1 - 15 aprel |
Superfosfat | 25 - 30 q/m2 | 1 - 15 apreldə üzvi gübrələrlə eyni vaxtda |
Kalium duzu | 20 q/m2 | |
Baykal - EM1 | 1 - 2 l/ m2 hazır məhlul | 20 apreldən başlayaraq iki həftədən bir |
Kül | 300 q/m2 | Çiçəkləmədən sonra |
Superfosfat | 25 - 30 q/m2 | 20 iyundan 10 iyula qədər (məhsul yığıldıqdan və məhsul vermiş zoğlar kəsildikdən sonra) |
Çürüntü+kül | Müvafiq olaraq: 4 kq + 300 q (m2) |
15 - 20 oktaybrda bitkilərin qışa hazırlanması məqsədilə verilir |
Cədvəl 5.2. Moruq bitkisinin gübrələnməsi üzrə plan
Moruq bitkisinin suvarılması. Yayı quraq keçən bölgələrdə moruq plantasiyaları ancaq suvarma şəraitində salınır. Moruq plantasiyaları üçün ən yaxşı suvarma üsulu süni yağışyağdırma və şırımla suvarmadır. Lakin damcı ilə suvarmadan da istifadə olunur (Şəkil 5.16).
Şırımla suvarma zamanı cərgəboyu bitkilərdən 60 sm məsafədə 12-15 sm dərinliyində iki ədəd şırım açılır. Suvarmadan sonra torpaqda qaysaq əmələ gələrsə mütləq yumşaltma aparılır. İlk suvarma çiçəkləmədən əvvəl, ikinci suvarma çiçəkləmə vaxtı, üçüncü suvarma meyvələr yetişməyə başlayan dövrdə, dördüncü suvarma yığım ərəfəsində, beşinci suvarma isə məhsul yığımından sonra aparılır. Suvarma norması 500-600 m3/ha-dır.