Moruq bitkisinin böyümə və inkişafında torpağın mulçalanmasının böyük rolu vardır. Quraq bölgələrdə torpağın mulça altında saxlanması moruq bitkisinin məhsuldarlığını 40-70 % artırır. Bu məqsədlə torf, çürüntü, küləş və yaxud ağac kəpəyindən istifadə olunur (Şəkil 5.13).
Yazda torpaq birinci dəfə yumşaldıldıqdan sonra 8-10 sm qalınlığında mulça ilə örtülür. Sahə başadan-başa, yaxud da cərgəboyu (Şəkil 5.14) mulçalana bilər. Əgər sahə başdan-başa mulçalanıbsa vegetasiya dövründə cərgəarası torpaqda yumşaltma aparılmır. Yalnız mulçanın üzərinə çıxmış alaq otları ilə mübarizə aparılır. Əgər mulça kimi torf və yaxud çürüntüdən istifadə olunubsa onlar payızda şumlanaraq torpağa qarışdırılır. Lakin mulça kimi küləşdən istifadə olunubsa o, payızda dırmıqlanaraq sahədən çıxarılır.
Moruq bitkisinin budanılması. Məlum olduğu kimi moruq bitkisi hər il güclü əvəzedici zoğlar və pöhrələr əmələ gətirir. Əgər həmin zoğ və pöhrələrə müdaxilə olunmazsa onda sahədə güclü sıxlıq əmələ gələr, işıqla təmin olunma pisləşər, torpaq taqətdən düşər, məhsuldarlıq azalmaqla gilələrin keyfiyyəti aşağı olar. Ona görə də moruq bitkisi hər il budanılmalıdır (Şəkil 5.15). Əkinin ilk iki ilində plantasiyada cərgəboyu 50-75 sm enində bitki zolaqları yaradılır. Bu zaman hər bir metrə 18-20 ədəd gövdə yerləşdirilir. Bunun üçün yaxşı inkişaf edən və bərabər səthdə yerləşən gövdələr saxlanılır, sıxlıq yaradan, zəif böyüyən və cərgəarasında bitən zoğlar isə kəsilərək sahədən çıxarılır.
Növbəti ilin yazında yenidən budama aparılır. Birillik zoğlardan ən güclü və sağlam olanları bir-birindən 12-15 sm məsafədə saxlanılır, qalanları isə kəsilərək sahədən çıxarılır. Məhsul vermək üçün saxlanmış zoğların uc hissəsi isə kəsilir.
Moruq bitkisinin gübrələnməsi. Digər giləmeyvə bitkiləri ilə müqayisədə moruq bitkisi gübrələrə, xüsusilə də üzvi və azot gübrələrinə yüksək tələbkardır. Çünki həm məhsul, həm də çoxlu miqdarda zoğ və pöhrə verdiyindən o, daha çox qida maddələri sərf edir. Eyni zamanda çoxlu miqdarda əmələ gəlmiş zoğ və pöhrələrin kəsilməsi də qida maddələrinin itkisinə səbəb olur.