Ona görə də belə sortlarda zoğların uc hissəsi kəsilərkən məhsuldarlıq əksinə artır. Hətta onların yarısı da kəsildikdə məhsuldarlıq yüksəlir.
Səliqə ilə şpaler üzərində yerləşdirilmiş zoğlar növbəti ildə məhsul verir (Şəkil 5.11).
Bitki aqrotexnoloji qulluğa tələbkar deyil. Cavan plantasiyada ümumi aqrotexnoloji qaydalar əsasında vegetasiya dövründə suvarma və torpağa qulluq işləri aparılır. Əgər sahə əkin üçün hazırlanarkən qida maddələri ilə yüksək səviyyədə təmin olunubsa onda ilk iki ildə əlavə gübrələrə ehtiyac yoxdur. Əgər tələbat olarsa, onda cavan plantasiyalarda gübrələr ancaq cərgəboyu verilir.
5.2.2. Məhsuldar plantasiyaya qulluq texnologiyası
Moruq
Ümumi qulluq işləri. Moruq bitkisi yumşaq və optimal rütubətli torpaqlarda yaxşı böyüyərək yüksək məhsul verir. Ona görə də plantasiyada əsas qulluq işi torpağın daim yumşaq və alaq otlarından təmiz vəziyyətdə saxlanmasıdır (Şəkil 5.12).
Yazda plantasiyada görüləcək ilk iş cərgəarası torpağın 8-12 sm dərinlikdə yumşaldılmasıdır. Cərgəarası torpaq texnikanın köməyi ilə yumşaldılır. Cərgədə bitkiarası torpaq isə toxa vasitəsilə yumşaldılır. Vegetasiya dövründə cərgəarası torpaq 8-9 dəfə, cərgədə bitkiarası torpaq isə 4-5 dəfə yumşaldılmalıdır. Əgər yay dövrü yağışlı keçərsə zoğların uc hissəsinin yetişməsinin vaxtında başa çatması üçün torpağın becərilməsi avqust ayının ortalarında dayandırılır. Qış dövründə cərgəarası torpaq 10-12 sm dərinliyində yumşaldılır.