5.2. Moruq və böyürtkən
5.2.1. Cavan plantasiyaya qulluq texnologiyası
Moruq. Əkinin ilk iki ilində bitkilərin yüksək məhsula hazırlanması ilə bağlı qulluq işləri aparılır. Erkən yazda plantasiyada malalama aparılır. Tutmayan bitkilər yenisi ilə əvəz olunur. Yay müddətində cərgəarası torpaq PRVM1,5-30 və ya KPQ25 OM kultivatoru ilə ilə becərilir.
Vegetasiya müddətində xəstəlik və zərərvericilərlə daim mübarizə aparılır. Normal qulluq şəraitində payızda zoğlar 120-150 sm uzunluğu çatır ki, nəticədə növbəti ildə orta hesabla 30 sent/ha məhsul almaq olur.
Növbəti ildə əvəzedici pöhrələr və zoğlar güclü böyüyür. Onlar səliqə ilə şpalerdə düzəldilir.
Böyürtkən. Əkindən sonra birinci il cavan zoğlar şpalerə bağlanır. Onlar şpalerə eyni tərəfə maili olaraq bağlanır. Yeni əmələ gəlmiş zoğlar isə onların əks tərəfinə eyni qaydada bağlanır (Şəkil 5.9).
Böyürtkənin gövdələrinin dik formada saxlanmasında ucvurma əməliyyatı mühüm əhəmiyyət kəsb edir. Ömrünün birinci ilində zoğlar 90-120 sm-ə çatdıqda onların 7-12 sm uzunluğunda uc hissəsi kəsilib atılır (Şəkil 5.10). Bütün yan zoğlar isə 40-50 sm uzunluğa qədər gödəldilir. Bu cür budama zoğların çox uzanmasının qarşısını adığından kol yığcam şəkilli olur. Əksər sərilən sortlarda məhsulun əsas hissəsi zoğun orta hissəsində formalaşır.