Yığımdan sonrakı böyümə və inkişaf növbəti ilin məhsuluna birbaşa təsir göstərir. Onda görə də alaq otları ilə müntəzəm mübarizə aparmaqla bığcıq və onların üzərindəki rozet yarpaqlar qoparılaraq təmizlənir. Çünki həmin hissələr ana bitkinin zəifləməsinə səbəb olur. Nəticədə bitkinin qışadavamlılığı və məhsuldarlığı aşağı düşür. Böyük plantasiylarda bığcıq və yarpaqların təmizlənməsi prosesi KRN-2,8MO və yaxud KRN-4,2Q kultivatorunun köməyi ilə aparılır. Həmin kultivator ilə cərgəarası torpağın yumşaldılması ilə eyni vaxtda bığcıq və rozet yarpaqlar da təmizlənir.
Payızda plantasiyada yüngülvari dibdoldurma əməliyyatının aparılması buynuzcuqların əlavə köklər əmələ gətirməsinə müsbət təsir göstərir.
Yeni əmələ gələn yarpaqlara qulluq məqsədilə suvarma, cərgəaralarında alaqetmə, torpağın yumşaldılması işləri görülür. Köklər isə mineral və üzvi gübrələrlə qidalandırılır. Qar örtüyü nazik və qışı şaxtalı olan bölgələrdə bitkiləri şaxtadan qorumaq məqsədilə cərgəaralarına saman-peyin qarışığı verilir (Şəkil 5.5).
Çiyələk bitkisinin budanması. Çiyələk bildiyimiz kimi çoxillik bitkidir. Onun yarpaqları tədricən quruyur və onların yerində yeniləri əmələ gəlir. Köhnə yarpaqların yeniləri ilə əvəzolunması tsikli 60 gün çəkir. Əsas məhsul yığımından dərhal sonra köhnə yarpaqlar avqust ayında kəsilib sahədən çıxarılır. Yaxşı olar ki, kəsilmiş sağlam bığcıq və yarpaqlar kompost çalasına tökülsün. Əgər yarpaqlarda xəstəlik və zərərvericilərlə yoluxma əlamətləri varsa onlar sahədən çıxarılıb yandırılır. Cavan bitkilərin budanılması məsləhət görülmür.
Məhsuldar plantasiyalarda bığcıqlar bitkini gücdən salır. Belə ki, məhsuldarlıq aşağı düşür, gilələr xırdalaşır, cərgəarası torpağın becərilməsi çətinləşir. Ona görə də bir mövsüm ərzində vaxtaşırı olaraq (təxminən 4 dəfə) bığcıqların qoparılması tələb olunur. Bığcıqlar xüsusilə mövsümdə iki dəfə - iyulun axırı və sentyabrın əvvəllərində daha çox uzanır. Bığcıqlar qoparıldıqda növbəti ildə məhsuldarlıq daha yüksək olur.
Budama əməliyyatından sonra çiyələk plantasiyası profilaktika məqsədilə insektisid və fungisidlərlə işlənir.
Tozlanma. Baxmayaraq ki, çiyələk bitkisi özübarlı bitkidir, əlverişsiz mühit şəraitində tozlanmanın təmin olunmasına ehtiyac yaranır. Bu zaman tozlanma normal getdiyindən məhsulun keyfiyyəti yaxşılaşır, eybəcər meyvələr demək olar ki, əmələ gəlmir, məhsuldarlıq yüksəlir. Çiçəklərin süni mayalandırılması məqsədilə çiçəkləmə vaxtı bitkilər 30 q/10 l su hesabı ilə kalium nitrat məhlulu ilə işlənir.
Gübrələmə. Əkinin üçüncü ilindən başlayaraq plantasiyalarda mütləq gübrələmə aparılmalıdır. Bü məqsədlə erkən yazda sahəyə 100 kq/ha ammonium şorası verilir.
Plantasiyanın 4-cü yaş dövründə erkən yazda 150-200 kq/ha ammonyak şorası, məhsul verdikdən sonra isə 250-300 kq/ha hesabı ilə superfosfat və 100 kq/ha hesabı ilə kalium xlorid gübrəsi verilir.