Plantasiyada torpağın əkinqabağı hazırlanması zamanı kifayət qədər üzvi gübrə verilibsə və əkindən sonra sahə çürüntü, yaxud torfdan ibarət mulça altında saxlanılırsa onda ilk iki il müddətndə əlavə üzvi gübrələrə ehtiyac yoxdur. Lakin əgər bitkilərdə böyümə zəif gedirsə 50 kq/ha hesabı ilə ammonium şorası ilə yemləmə aparılır. Yemləməni əkindən ən azı bir ay sonra aparmaq lazımdır.
Quraq dövrdə plantasiya mütləq suvarılmalıdır. Çünki torpaqda nəmlik tarla su tutumunun 70-80 %-i qədər saxlanmalıdır. Cavan plantasiyada suvarma 200-300 m3/ha norma ilə tətbiq olunur.
Əgər plantasiyanın təmiri üçün yeni şitillər tələb olunmursa onda cavan bitkilərdə bığcıqlar qoparılır.
Əkinin ikinci ilində çiyələk plantasiyası artıq məhsula düşür.
5.1.2. Məhsuldar çiyələk plantasiyasına qulluq texnologiyası
Ümumi qulluq işləri. Əkinin ikinci ilində yazda, ötən ilki quru yarpaqlar dırmıqlanaraq sahədən təmizlənir. Çünki onlar bitki üçün xəstəlik və zərərverici mənbəyidir. Kiçik plantasiyalarda bu proses əllə həyata keçirilir. Böyük plantasiyalarda isə quru yarpaqlar MTZ-80 traktoruna qoşulmuş torvari mala (Şəkil 5.4) ilə sahədən yığılır. Sahədən quru yarpaqların yığılması iki dəfə təkrar olunur.
Köhnə yarpaqlar sahədən çıxarıldıqdan sonra cərgəarası 5-6 sm dərinliyində yumşaldılır. Sonrakı yumşaltmalar təxminən 10-15 gündən bir meyvələr qızarmağa başlayana qədər davam etdirilir. Torpağın becərilməsi may ayının ortalarına qədər başa çatdırılır. Ümilikdə məhsul yığımına qədər cərgəarasında 1-2 dəfə yumşaltma aparılır. Cərgəarası 80-90 sm olan bircərgəli plantasiyalarda yumşaltma KRN-4,2 kultivatorunun köməyi ilə aparılır. Cərgədə bitkiarasında torpağın yumşaldılması isə əllə aparılır.
Çiyələk bitkisi ümumilikdə alaq otları üçün zəif rəqib olduğundan plantasiyalarda əsas qulluq işi alaqlarla mübarizədir.
Məhsul yığımından sonra sahədəki alaq otları ilə mübarizə məqsədilə FPU-4,2 ferezerindən istifadə olunur. Cərgəarası 80-90 sm olan plantasiyalarda frezer normal işləyir. O, mulçanı və alaq otlarını doğrayaraq sahədən çıxarır. Ferezerin faydalı iş əmsalı 0,5-1 ha/saat-dır.
Alaqlarla mübarizədə herbisidlərin tətbiqi əl əməyini azaldır. Herbisid kimi 50 %-li “Simazin”dən geniş istifadə edilir. Herbisidlər erkən yazda çiyələkdə yeni yarpaqlar əmələ gələnə qədər tətbiq olunur. Orta hesabla hektara 2,5-3,0 kq “Simazin” istifadə edilir. “Simazin”in tətbiqi nəticəsində əl əməyi 60-80 % azalır.
Məhsul verdikdən sonra çiyələk bitkisi intensiv olaraq yeni yarpaqlar əmələ gətirir, əlavə köklərə malik buynuzcuqlar yaradır, bığcıqlar və rozet yarpaqlar sürətlə böyüməyə başlayır, çiçək tumurcuqlarının əsası qoyulur.