5.1. Çiyələk
5.1.1. Yeni salımış çiyələk plantasiyasına qulluq texnologiyası
Əkindən dərhal sonra çiyələk plantasiyası çürüntü, torf, ağac kəpəyi və s. ilə mulçalanır (Şəkil 5.1).
Payızda mulçalama torpaqda don olmamışdan qabaq, yaxud da həmin ərəfədə aparılır. Mulçalama üçün 1PTS-4 qoşma-səpələyicisindən istifadə olunur (Şəkil 5.2).
30 sm enin cərgəaralarının mulçalanması üçün orta hesabla 20-30 t/ha mulça materialı sərf olunur. Mulça, yeni əkilmiş bitkiləri qışda donmaqdan, yayda isə rütubət çatışmazlığından qorumaqla gübrə rolunu oynayır.
Əkinin birinci ilində bitklərin normal böyüməsini təmin etmək məqsədilə aqrotexnoloji qulluq işləri aparılır. Eyni zamanda bitməyən bitkilər yenisi ilə əvəz olunmaqla əkinin seyrəkləşməsinin qarşısı alınır.
Əgər plantasiyada mulçalama tətbiq olunmursa onda cərgəarası torpaq çiyələyin kökləri zədələnmədən yumşaldılmalıdır (Şəkil 5.3). Belə ki, vegetasiya dövründə plantasiyada cərgəarası torpaq alaq otlarından təmiz olmaqla yumşaq vəziyyətdə saxlanılır. Əgər torpaq əkinə hazırlanarkən herbisid tətbiq olunubsa cərgəaralarının alaq edilməsinə ehtiyac qalmır. Bu isə əlavə əmək sərfinin qarşısını alır.
Yağıntıların miqdarından, torpağın bərkimə dərəcəsindən və alaq otlarından asılı olaraq vegetasiya dövründə cərgəaralarının 6-10 dəfə KRN-4,2Q kultivatoru ilə becərilməsi tətbiq edilir. Yazda və yayda cərgəarası torpaq 5-8 sm, payızda isə 10-15 sm dərinliyində yumşaldılır. Torpağın üst qatının yumşaldılması aerasiya prosesini sürətləndiməklə köklərin normal böyüməsinə və mikrofaunanın həyat fəaliyyətinin güclənməsinə şərait yaradır.