Bitkilərin sahədə yerləşdirilməsi. Kivi plantasiyalarında bitkilər cərgəarası 3-4 m, cərgədə bitkiarası isə 1,5-2,0 m verilməklə əkilir. Cərgələr adətən şimaldan cənuba doğru istiqamətləndirilir. Belə olduqda sahədə qış dövründə torpaqda kifayət qədər rütubət toplanmasına, yayda isə bitkilərin bərabər səthdə işıqlanmasına, kök boğazı və gövdəətrafı zonanın kölgələnməsinə normal şərait yaranır.
Bitkilərin əkilməsi. Plantasiya üçün seçilmiş ərazidə əkinə 2 həftə qalmış çalalar qazılır. Çalanın dərinliyi və diametri 50-70 sm götürülür. Yaxud da 50-60 sm dərinliyində və 40-50 sm enində xəndəklər qazılır. Çalanın və yaxud xəndəyin dibinə 10-15 sm hündürlüyündə çınqıl, xırda çay daşı, kərpic qırıqları, yaxud da keramzit verilir (Şəkil 4.37). Lakin daşkömür şlakından istifadə olunması daha məqsədə uyğundur.
Sonra çalaya torpağın mineral gübrələr və çürüntü qarışdırılmış münbit qatı tökülür. Bu məqdəslə hər çalaya 8-10 kq çürüntü, 200 q superfosfat, 50 q ammonium şorası, 70-80 q kalium duzu götürülür. Kalium duzunun əvəzinə yaxşı olar ki, kalium sulfat və yaxud 2-3 stəkan ağac külü götürülsün. Qeyd etmək lazımdır ki, çalaya və yaxud xəndəyə əhəng və təzə peyin vermək olmaz. Çalada və yaxud xəndəkdə torpaq tam oturduqdan sonra əkin aparılır. Bundan sonra həmin gübrə qarışıq torpağın üzərindən 5 sm qalınlığında heç bir gübrə qarışdırılmamış münbit torpaq verilir. Burada əsas məqsəd zərif kökləri yanmaqdan qorumaqdır. Torpaq təpəcik şəkilində düzəldilir və tingin kökləri onun üzərinə yerləşdirilirək torpaqlanır. Əkin zamanı konteynerdə yetişdirilmiş tinglər əkindən qabaq möhkəm suvarılmalıdır və bundan sonra dibçəkdən çıxarılmalıdır. Əkindən sonra bitkilər mütləq suvarılmalıdır. Torpaq ehtiyatla tapdanmalıdır. Kök boğazı torpaq səthi ilə bir bərabərdə saxlanmalıdır. Gövdə ətrafında kasa düzəltmək olmaz. Çünki torpaq tirindən kasa düzəldildikdə yağış sulları gövdə ətrafında toplanır ki, bu da bitkinin tutmasına mənfi təsir göstərir. Suvarmadan sonra torpaq mulçalanır. Əkindən qabaq və əkindən sonra digər meyvə-giləmeyvə bitkilərindən fərqli olaraq kivi bitkisinin yerüstü sistemində heç bir kəsim aparılmır. Əkinin ilk 10-15 günündə bitkilərin gün yanğısından mühafizəsi məqsədilə plantasiyanın üzərinə örtük çəkilir.
Kivi bitkisinin ətri pişikotunun ətrinə oxşayır və pişikləri özünə cəlb edir. Ona görə də əkindən sonra sahə metalik torla hasara alınmalıdır.