Əkin materialı. Əkin materialı kimi adətən 1-3 illik bitkilərdən istifadə olunur. Bundan artıq yaşa malik bitkilər köçürmə prosesini pis keçirdiyindən tutma faizi aşağı olur. Kivi tingi seçilərkən aşağıdakı məsələlər nəzərə alınmalıdır:
kivi bitkisi tez zədələnən zərif kök sisteminə malikdir. Ona görə də açıqda saxlanmış köklər hətta 5-10 dəq müddətində küləyin və yaxud istinin təsirindən quruyub məhv ola bilər. Yaxud da əkindən sonra tutsa da belə bitkilərdə köklərin bərpası çətin getdiyindən şəraitə uyğunlaşa bilmir və böyümə prosesi ləngiyir. Ona görə də əkin materialı olaraq konteynerdə becərilmiş, yaxud da tinglikdən kökləri torpaqla örtülü vəziyyətdə çıxarılmış tinglərdən istifadə olunması tövsiyə edilir.
kivi bitkisi ikievli olduğundan əkin materialı alarkən erkək və dişi cinsiyyətli sortlar eyni vaxtda alınıb əkilməlidir. Əks təqdirdə bu bitkidən məhsul gözləməyə dəyməz. Bu zaman dişi cinsiyyətli çiçəklərə malik 5 bitkiyə 2 ədəd tozlayıcı bitki əkilir.
çiçəkləməyə qədər əsas və tozlayıcı sortları zahiri əlamətlərinə görə ayırmaq mümkün deyil. Ona görə də əkin materialını bazardan deyil, tinglikdən almaq lazımdır.
toxumdan əmələ gələn bitkilər ana bitkinin sort xüsusiyyətlərini tam saxlaya bilmir. Ona görə də əkin materialı olaraq vegetativ yolla (çiliklə) artırılmış bitkilərdən istifadə olunur (Şəkil 4.36).