Əkinin mexanikləşdirilməsi zamanı isə əsasən bir ədəd gövdəyə və yaxşı inkişaf etmiş kök sisteminə malik tinglərdən istifadə edilir.
Bitkilərin əkilmə dərinliyi tinglikdəki dərinlikdən 5-7 sm çox olmalıdır. Çünki əkinin bir qədər dərin aparılması və əkin vaxtı yerüstü hissələrin bir qədər gödəldilməsi yeraltı və yerüstü sistem arasındakı tarazlığı nizamlayır. Bu zaman kolların tutma faizi yüksəlir və yeni zoğlar daha çox əmələ gəlir.
4.2.6. Kivi
Plantasiya üçün sahənin seçilməsi. Təbii şəraitdə kivi bitkisi ajur (havalanan) tipli yarımkölgəli seyrək meşələrdə yayılmışdır. Ona görə də kivi plantasiyaları üçün bitkinin təbii yayılma şəraitinə uyğun ərazilər seçilməlidir. Ümumiyyətlə digər giləmeyvə bitkilərində olduğu kimi kivi bitkisi üçün də küləkdən mühafizəli ərazilər seçilir. Kivi bitkisi torpaq münbitliyinə tələbkar deyil. Təbii şəraitdə azot və fosforla aşağı səviyyədə təmin olunmuş qeyri-münbit torpaq tiplərində də normal böyüyə bilir. Lakin qeyd etmək lazımdır ki, qələvi reaksiyalı torpaqlar bu bitki üçün əlverişli deyil. Zəif və turş torpaqlar kivi üçün daha əlverişlidir. Eyni zamanda neytral torpaqlarda da bitir.
Qrunt suları torpaq səthinə yaxında yerləşən ağır, bataqlıq, gilli torpaqlar kivi üçün əlverişli deyil.
Kivi plantasiyaları üçün sahə seçərkən bilmək lazımdır ki, ərimiş qar suyu yığılan ərazilər və uzunmüddətli yağışlarla müşayiət olunan bölgələr bu bitki üçün əlverişli deyil.
Plantasiya sahəsinin təşkili. Məlum olduğu kimi kivi bitkisi təbii böyümə xarakterinə görə lian bitkisi olduğundan onun dayaqsız becərilməsi mümkün deyil. Ona görə də ilk növbədə sahədə dayaq sistemi qurulmalıdır (Şəkil 4.35).
Kivi üçün dayaq məqsədilə həyətyanı sahələrdə ağac tipli meyvə bitkilərindən istifadə olunması məsləhət deyil. Bu zaman ağacın güclü kök sisteminin təsirindən kivi bitkisinin kökləri zədə alır və nəticədə o, məhv olur.
Əkin vaxtı. Ən yaxşı əkin vaxtı yaz, və yaxud yayın əvvəlidir. Lakin erkən payız şaxtalarının düşməsinə 2-3 həftə qalmış payız əkinin də aparılması məqsədəuyğundur.