Adətən kiçik plantasiyalarda məhsul yığımı əllə aparılır. Bu halda qida sahəsi 2,0-2,5 x 1,25-1,75 m verilir. Desert tipli firəng üzümü sortları şpalerdə də becərilə bilər (Şəkil 4.33). Şpalerdə becərmə zamanı kolda bir (2,5 x 0,3-0,4 m) və yaxud iki ədəd (2,5 x 0,6-0,7 m) govdə saxlanılır. Bu zaman plantasiya dayaqlarla salınır.
Bitkilərin əkilməsi. Əkin həm əl ilə, həm də mexanizmin köməyi ilə aparıla bilər. Gövdələrin sayı çox olan bitkilər adətən əl ilə əkilir (Şəkil 4.34). Əkin çalaları əkinə 10-12 gün qalmış hazırlanır. Yaz əkinində çalaların payızdan hazırlanması daha məqsədəuyğundur. Onların diametri 40 sm, dərinliyi isə 30 sm götürülür. Hər çalaya 3-4 kq çürümüş peyin və yaxud kompost verilməsi tövsiyə edilir.
Məhsula düşmənin tezləşdirilməsi məqsədilə hər çalada bir-birindən 25 sm məsafədə iki kolun əkilməsi yaxşı nəticə verir. Yuva əkin sxemində bitkilər ilk 5 il ərzində tam böyüyüb inkişaf edir və üçüncü yaşdan məhsula düşür.
Bitkilər əkildikdən dərhal sonra 3-4 l/kol hesabı ilə suvarılır. Suvarıldıqdan sonra torpaq çürüntü və ya peyin ilə mulçalanır. Yaz əkinləri zamanı bitkilərin 10-12 gündən bir suvarılması məsləhət görülür. Həmin müddətdə cəmi 2-3 dəfə suvarma aparılır.