Torpağın əkinqabağı hazırlanması. Torpaq plantasiyanın salınmasına bir-iki il qalmış əkin üçün hazırlanır. Bu müddətdə sahə alaq otlarından azad edilir, torpağın turşuluğu nizamlanır, torpaq qida maddələri ilə zənginləşdirilir, torpağın strukturu yaxşılaşdırılır. Xüsusilə davamlı alaq otları (ayrıqotu, çöl sarmaşığı, qanqal, qatırquyruğu) bitkinin normal böyüməsinə mənfi təsir göstərərək plantasiya salındıqdan sonra onlarla mübarizə işi çətin olur. Onda görə də plantasiya salınmazdan əvvəl alaq otları ilə ciddi mübarizə aparılmalıdır.
Torpaqda dərin köklərə malik alaq otları ilə mübarizə aparmaq üçün ən geniş istifadə olunan herbisid “Raundap” preparatıdır. Kimyəvi mübarizə zamanı preparatın tətbiqolunma dozası sahənin alaq otları ilə sirayətlənmə dərəcəsindən və preparatın növündən asılı olaraq dəyişir.
Əgər sahədə çoxillik alaq otları yayılmayıbsa onda payızdan sahə don şumu altında saxlanılır. Erkən yazda malalanaraq kultivasiya işləri aparılır. May, iyun və iyul aylarında kultivasiya və üzdən aparılan təkrar şumla sahə alaq otlarından təmizlənir.
Bitkinin böyüyüb inkişaf etməsinə torpağın turşuluğu birbaşa təsir göstərir. Çünki köklərin böyüməsində və qida maddələrinin mənimsənilməsində torpağın turşuluq səviyyəsi mühüm rol oynayır.
Torpağın turşuluq səviyyəsini və qida maddələri zənginlik dərəcəsini öyrənmək məqsədilə torpağın üst şum qatından (20 sm-ə qədər) və şumaltı qatdan (20-40 sm) ayrılıqda torpaq nümunələri götürülərək analiz edilir. Həmin analizlərin nəticələri əsasında əkinqabağı torpağa veriləcək üzvi və minreal gübrələrin miqdarı, torpağın əhənglənmə dərəcəsi müəyyən edilir.
Firəng üzümü zəif turşuluğa (pH 6,2-6,7) malik torpaqlarda yaxşı böyüyüb inkişaf edir. Torpağın əhənglənməsi kolların əkilməsinə ən azı bir il qalmış aparılmalıdır. Əhənglənmənin peyin və fosfor gübrələrinin verilməsi ilə eyni vaxtda aparılması məqsədəuyğun deyil. Turşuluğun aşağı salınması məqsədilə kalsium-magnezium gübrələrinin veriməsi daha məqsədəuyğundur. Bu halda bitkinin maqneziuma olan tələbatı da ödənilir. Torpaqda fosfor, kalium və maqneziumun orta hesabla miqdarı əsasında torpağa əkinqabağı aşağıdakı dozada gübrələr verilir: 100 kq/ha P2O5, 150 kq/ha K2O və 80 kq/ha MgO.
Fiəng üzümü üçün ən yaxşı sələf cərgəarası becərilən bitkilər və paxlalı bitkilər hesab edilir.
Əksər meyvə-giləmeyvə bitkilərində olduğu kimi firəng üzümündə də əkinqabağı sahəyə peyin verildikdə bitki daha yaxşı böyüyüb məhsul verir. Bu məqsədlə sahəyə 35 t/ha peyin verilməsi tövsiyə edilir. Peyin olmadıqda onu yaşıl gübrələrlə əvəz edirlər. Bunun üçün xardal, lupin, yaxud da çovdar və çölnoxudunun qarışıq səpini aparılır. Sonra həmin bitkilər şumlanaraq torpağa qarışıdırılır. Şum əkin 3-4 həftə qalmış aparılır və sahə malalanaraq düzləndirilir (Şəkil 4.29).
Əkin vaxtı. Firəng üzümü bitkisi vegetasiyaya tez başladığından onun payızda (oktyabrın ikinci yarısı və noyabrın əvvəllərində) əkilməsi daha məqsədəuyğundur.