II il – yeni salınmış qarağat plantasiyası
III il – məhsula düşmüş qarağat sahəsi
IV-VII illər – məhsuldar plantasiya sahəsi
VIII il – yaşıl yem üçün birillik ot səpini
IX il – dənli bitkilər (yazlıq və payızlıq)
X il – cərgəarası becərilən bitkilər (yemlik kökümeyvəlilər, silosluq qarğıdalı)
Qeyd etmək lazımdır ki, qarağat bitkisi eyni sahəyə ən azı üç ildən sonra qayıtmalıdır.
4.2.5. Firəng üzümü
Plantasiya üçün sahənin seçilməsi. Firəng üzümü eyni yerdə sortun bioloji xüsusiyyətrindən asılı olaraq 20-40 il becərilə bilir. Normal aqrotexnoloji qulluq şəraitində sortlar yüksək məhsul verir.
Firəng üzümü bioloji xüsusiyyətlərinə görə mötədil iqlim bitkisidir. Aşağı temperatur şəraitinə tələbkardır. Quraqlıq və yüksək insolyasiya (vahid zamanda bir sm2 yer səthinə Günəşdən düşən işıq enerjisinin miqdarı) şəraitində bitki pis böyüyüb inkişaf edir. Yüksək insolyasiya şəraitində yarpaqlar vaxtından əvvəl tökülür və gilələrdə gün yanğısı əmələ gəlir. Bitki şaxtaya davamlıdır. Lakin gec yaz şaxtalarının təsirindən bitki tamamilə məhv ola bilər. Ona görə də şaxtalı hava durğunluğu olan çökək yerlər əmtəəlik plantasiyaların salınması üçün əlverişli deyil. Həmçinin zəif havalanan, havanın nisbi nəmliyi yüksək olan qapalı yerlər də firəng üzümü üçün əlverişli deyil. Belə şəraitdə göbələk xəstəlikləri, o cümlədən amerika yalançı unlu şeh xəstəliyi (sferoteka) geniş yayılır. Əmtəəlik plantasiyaların salınması üçün azacıq mailliyə malik olan qərb və cənub qərb yamaclar daha əlverişlidir.
Firəng üzümü ümumilikdə torpağa tələbkar bitkidir. Bitki münbit, qida maddələri ilə zəngin gilli və gillicəli-qumsal torpaqlarda normal böyüyüb məhsul verir. Qrunt suları torpaq səthindən ən azı 75-90 sm dərinlikdə yerləşməlidir. Firəng üzümünün əsas kök kütləsi torpaq səthinə yaxında (5-30 sm) yerləşdiyindən onun üçün aşağı rütubət tutumuna malik, sukeçiriciliyi yüksək olan torpaqlar əlverişsizdir. Çünki belə şəraitdə bitki normal böyüyüb inkişaf edə bilmədiyindən məhsuldarlığı da aşağı olur.
Firəng üzümünün vegetasiya dövründə illik atmosfer çöküntülərinin miqdarı az olan rayonlarda becərilməsi əlverişli deyil. Belə şəraitdə yüksək suvarma, üzvi və mineral qidalanmanın tətbiqi ilə intensiv məhsul istehsalı mümkündür.
Plantasiya sahəsinin təşkili. Firəng üzümü plantasiyaları uca boylu ağaclardan təşkil olunmuş (4-5 cərgə) meşə zolağı ilə əhatə olunmalıdır. Meşə zolağı ilə firəng üzümü plantasiyası arasında 8-10 m enində kölgə zolağı qoyulur. Meşə zolağı qışda bitkilərin soyuq küləklərdən mühafizəsinə, plantasiya sahəsində qar örtüyünün bərabər paylanmasına şərait yaradır. Vegetasiya dövründə isə rütubət itkisinin qarşısını alır, sahədə arıların normal uçmasına şərait yaratmaqla tozlanma prosesinin normal getməsini təmin edir.
Böyük plantasiyalarda sahə sərnələrə bölünür. Sərnələrin kənarları boyu küləkqırıcı xətlər (1-2 cərgə) salınır. Küləkqırıcı xətlə kollar arasında aqrotexnoloji qulluq zamanı istifadə olunan texnikaların manevri üçün məsafə saxlanmalıdır.