Qrunt suları torpaq səthindən 1,0-1,5 m dərinlikdə yerləşməlidir. Çökək və su durğunluğu olan yerlər qarağat üçün əlverişsizdir.
Qarağat bitkisi müxtəlif torpaq tiplərində bitir. Lakin 20-25 sm şum qatına malik gillicəli və qumsal torpaqlar daha əlverişlidir. Belə ki, qara qarağat üçün su durğunluğu olmayan ağır və orta gillicəli torpaqlar, qırmızı qarağat üçün isə yüngül gillicəli və çürüntü ilə zəngin qumsal torpaqlar tövsiyə olunur. Qarağat bitkisi torpaqda yüksək turşuluğa davamsızdır. pH 5,5-dən aşağı olduqda seçilmiş ərazi əkinə bir il qalmış mütləq əhənglənməlidir. Qarağat üçün optimal pH 5,5-7,0-dir.
Plantasiya sahəsinin təşkili. Qarağat plantasiyası üçün seçilmiş 4-8 hektarlıq sərnələrə bölünür. Təbii mühafizəli şəraitdə sərnələrin sahəsi 10 ha da götürülə bilər. Əgər plantasiya mailliyi çox olan yamaclarda salınacaqsa onda sərnənin uzun tərəfi yamaca köndələn olaraq yerləşdirilir (Şəkil 4.26).
Əgər plantasiya üçün seçilmiş ərazi təbii qorunacaqlı deyilsə onda plantasiyanın ətrafı boyu 2-3 cərgədən ibarət havalanan meşə zolağı salınır. Meşə zolağında cərgəarası məsafə 3 m, cərgədə bitkiarası məsafə isə 1,5-2 m verilir. Aqreqatların və nəqliyyat vasitələrinin sahəyə girişi üçün meşə zolağında 8-10 m enində yol qoyulur.
Meşə zolağı ilə plantasiya arasında 150-250 m məsafə olmalıdır. Sərnələr arasında adətən bircərgəli küləkqırıcı xətt salınır. Güclü küləklər əsən şəraitdə isə ikicərgəli küləkqırıcı xətt salınır.
Plantasiyada 5-6 m enində sərnəarası yollar qoyulur. Ana yolların eni 6-8 m götürülür. Eyni zamanda məhsul yığımını asanlaşdırmaq məqsədilə plantasiyada 100-150 m-dən bir 4-5 m enində yollar salınır.
Torpağın əkin üçün hazırlanması. Növbəli əkin dövriyyəsində plantasiyanın salınmasına bir-iki il qalmış torpaq əkin üçün hazırlanmalıdır.
Erkən yazda sahə su ilə tam doydurulur. Qara herik altında olan sahədə alaq otları ilə mübarizə aparılır. Bu məqsədlə əsasən qlifosat tərkibli herbisidlərdən (raundal, qlialka, qlifos, tornado və s.) 3-6 l/ha hesabı ilə istifadə olunur. Herbisidlərin tətbiqindən 3 həftə sonra sahədə əkinqabağı becərmə işləri aparılır. May və iyul aylarında sahəyə sideral (raps, yağlı turp, xardal) bitkilərin toxumları səpilir. Sahə sideral bitkilər altında olduqda yaşıl kütləni artırmaq məqsədilə oraya təsiredici maddə hesabı ilə 90 kq/ha azot gübrəsi (əsasən ammonium sulfat) verilir. Birinci səpin zamanı sideratlar çiçəkləmə fazasında xırda doğranaraq torpağa tökülür. 7-14 gün sonra yaşıl kütlə diskli mala ilə torpağa qarışdırlır və təkrar səpin aparılır. İkinci səpindən əmələ gələn sideratlar da çiçəkləmə fazasında doğranaraq torpağa tökülür. Ondan 7-14 gün sonra sahəyə fosfor və kalium gübrələri verilir və yaşıl kütlə şum qatının dərinliyində torpağa qarışdırılır.
Torpağın əkinqabağı şumlanması. Üzvi gübrə sentyabrın əvvəlindən ortalarına qədər olan müddətdə 80-180 t/ha hesabı ilə verilir. Fosfor və kalium gübrələri isə torpağın mineral qida ilə təmin olunma dərəcəsindən asılı olaraq verilir.