Zəif böyüyən sortlara yelpikvari forma verilməklə şpalerə ikitərəfli və ya birtərəfli bağlanır (Şəkil 4.24). Bu vaxt cərgəarası 2,0...2,5 m verilir.
4.2.4. Qarağat
Plantasiya üçün sahənin seçilməsi. Qarağat bitkisi üçün sahə seçərkən bitkinin ətraf mühit amillərinə tələbini dəqiq bilmək lazımdır. Sahənin relyefi, torpağın rütubətlə təmin olunma dərəcəsi, ərazinin təbii mühafizəliliyi, qar örtüyünün qalınlığı, qrunt sularının yerləşmə səviyyəsi, torpağın aşılanma dərəcəsi və s. məsələlər hərtərəfli öyrənilməlidir.
Relyef ətraf mühit amillərinin bitkiyə təsirində birbaşa rol oynayır.
Qarağat bitkisi üçün düzən və yaxud azacıq (50-yə qədər) mailliyə malik ərazilər seçilir (Şəkil 4.25). Çünki belə şəraitdə sərnələrə düzgün yerləşdirilmək imkanı olduğundan plantasiya yüksək səviyyədə təşkil edilir. Eyni zamanda belə ərazilərdə şaxtanın bitkiyə zərərli təsir gücü də olmur. Qışı sərt keçən bölgələrdə plantasiyanın cənub və cənub-qərb cəhətlərində, isti bölgələrdə isə şimal və şimal-qərb cəhətlərində salınması daha məqsədəuyğundur.
Ümumiyyətlə əgər plantasiya yamaclarda salınırsa, qızılı qarağat qışa yüksək davamlı olduğundan yamacın yuxarı hissəsində yerləşdirilir. Yamacın orta hissəsində qırmızı və ağ qarağat, aşağı hissəsində isə qara qarağat yerləşdirilir.