Əl ilə əkin zamanı tinglər şırım və ya çalaya qoyularaq kökü torpaqla örtülür və tapdanır. Bu zaman kök boğazı torpaq səthi ilə bir bərabərdə olmalıdır. Kök boğazı torpaq səthindən dərində yerləşdikdə gövdənin torpaq altına düşən hissəsində çürümə başlayır. Kök boğazı torpaq səthindən yuxarıda yerləşdikdə isə yuxarı köklərdə quruma başlayır.
Böyük plantasiyalarda moruq tinglərinin əkini mexanikləşdirilir (Şəkil 4.21).
4.2.3. Böyürtkən
Plantasiya üçün sahənin seçilməsi. Giləmeyvə bitkiləri içərisində böyürtkən becərilmə şəraitinə bir qədər az tələbkar bitkidir. Lakin moruq kimi, böyürtkən də işıqlanmaya tələbkardır. Odur ki, böyürtkən planatsiyaları üçün işıqlı ərazilər seçilir. Torpağa az tələbkardır. Müxtəlif torpaq tiplərində bitir. Lakin yüksək məhsul əldə etmək üçün yaxşı drenaja malik rütubətli, su durğunluğu olmayan, yüngül və orta gillicəli torpaqlar daha əlverişli sayılır. Moruq bitkisinə nisbətən kök sistemi dərinə işləyən olduğundan quraqlığa bir qədər davamlıdır. Əksər sort və hibrid formalarında köklər bir metr dərinliyə qədər işləyə bilir. Lakin əsas kök kütləsi 60 sm-ə qədər dərinlikdə yerləşir.
Plantasiya sahəsinin təşkili. Torpağın əkin üçün hazırlanması. Böyürtkən plantasiyası üçün seçilmiş ərazinin torpaq analizlərinin nəticəsinə uyğun olaraq sahəyə müxtəlif gübrələr verilir. Əsas gübrə kimi sahəyə 15...30 t/ha hesabı ilə çürümüş peyin və yaxud kompost, 100...150 kq/ha superfosfat, 40...50 kq/ha kalium gübrəsinin verilməsi tövsiyə olunur. Böyürtkən bitkisinin kökləri dərinə işlədiyindən əkinqabağı dərin şum aparılmalıdır.
Bitkilərin sahədə yerləşdirilməsi. Əkin vaxtı. Böyürtkən payızda və yaxud yazda əkilə bilər. Qışı mülayim keçən bölgələrdə bitkilərin payızda əkilməsi daha məqsədəuyğundur. Dikinə böyüyən böyürtkən sortları bitkiarası 0,8...1,0 m, cərgəarası 1,8...2,0 m olmaqla əkilir (Şəkil 4.22).
Əksər böyürtkən sortları şpalerdə becərmə tələb edir (Şəkil 4.23). Adətən şpalerdə məftillər üç cərgədə olmaqla aşağıdan yuxarıya doğru bir-birindən 0,9-1,2-1,5 m məsafədə yerləşir. Bitkiarası məsafə 3,0...3,5 m verilir.