Meşə zolaqları adi halda 3-4 cərgəli, güclü küləklərə məruz qalan sahələrdə isə 4-5 cərgəli olur. Təbii qorunacağı olan sahələrdə cərgələrin sayı 2-3 ədəd ola bilər (Şəkil 4.10).
Bağ qoruyucu meşə zolağı salınacaq sahələrdə torpağı bağda olduğu qayda ilə hazırlayır və sahə yaxşı gübrələndikdən sonra 1-2 illik sağlam və yaxşı boya malik bitkilər əkilir. Sonrakı qulluq işləri - cərgəarası torpağın becərilməsi, ağacların suvarılması, onların vaxtaşırı budanması, xəstəlik və zərərvericilərlə müntəzəm mübarizədən ibarət olur.
Suvarma şəbəkələri və yardımçı təsərrüfatlar. Suvarılan şəraitdə əgər yerüstü axımla suvarma aparılacaqsa, o zaman yerin mayilliyinə uyğun olaraq magistral suvarma arxı (şırımı) sərnələrin sərhəddi boyu, qoruyucu meşə zolağının kənarı ilə çəkilir.
Təsərrüfat tikintiləri onun qonşu təsərrüfatla sərhədlərində, ana yolun kənarında, yaşayış qəsəbələrinə yaxın yerdə yerləşdirilir. Belə tikintilər 0,2 ha-ya qədər sahə tuta bilər. Bağın magistral yola çıxış zonasında meyvə saxlayıcıları, ilk emal müəssisələri və mərkəzi təsərrüfat binaları yerləşdirilir.
Meyvə bağında yollar, meşə zolaqları və yardımçı sahələr cəmi sahənin 15-18 %-ə qədərini təşkil etməlidir.
Ağacları bağda elə yerləşdirmək lazımdır ki, onların bütün istismar dövründə normal böyümə və məhsul vermələri üçün optimal şərait yaransın. Bu məqsədlə bir sıra əkin sxemlərindən istifadə olunur.
Kvadrat əkin sxemi. Cərgə və bitkiarası eyni olan əkin sxemidir. Bu sxemin üstün cəhəti bağda torpağın hər iki istiqamətdə becərilməsidir. Mənfi cəhəti isə hektarda bitkilərin sayının az olmasıdır.
Düzbucaqlı əkin sxemi. Cərgəarasının çox, bitkiarasının isə az verilməsi ilə fərqlənir. Bu üsulda bağlarda bitkilərin sıxlığı artır.
Sıxlaşdırılmış xətvari əkin sxemi. Düzbucaqlı əkin sxeminin bir variantıdır. Bu üsul xüsusilə maşınla budama üçün əlverişli sayılır.
Kontur tipli əkin sxemi. Dağ yamaclarında yamacın köndələninə horizontlar üzrə əkin sxemidir. Cərgəaraları gen, bitkiaraları isə nisbətən sıx (2-3 m) qoyulur.Bu sistemli əkində torpağın yuyulması qorxusu azalır. Torpağın becərilməsi daim yamacın köndələninə aparıldığından tədricən təbii səkilər yaranır (Şəkil 4.12).