Meyvə bağı çoxillik əkililər sahəsi olduğundan onun uzun müddət məhsuldar və səmərəli işinin təmini üçün düzgün hazırlanmış təşkilatı və aqrotexniki tədbirlər kompleksi tələb olunur.
Bağın salınmasında buraxılan hər xırda səhv sonralar öz ağır təsirini göstərir. Bu isə ya düzəldilə bilmir, yaxud da uzun vaxt və sərmayə qoyuluşu tələb edir (Şəkil 4.1).
Təsərrüfat rəhbəri bağ üçün sahə seçdikdən sonra torpağın mədəniləşdirilməsi üçün tədbirlər hazırlayır, sahənin təşkili üçün plan tərtib edir, bağın salınması və tam məhsula düşənə qədər ona qulluq üzrə texnoloji xəritə tərtib edir, vəsait, material və əmək sərfi üzrə smeta tutur, onu iqtisadi cəhətdən əsaslandırır.
4.1. Meyvə bağının tipləriMeyvə bağı dedikdə əmtəəlik meyvə məhsulu istehsalı üçün nəzərdə tutulan çoxillik əkililər sahəsi nəzərdə tutulur. Məqsədinə, istiqamətinə və becərilmə texnologiyasına görə meyvə bağının aşağıdakı tipləri mövcuddur:
Həyətyanı bağ. Şəxsi həyətyanı sahələrdə təşkil olunan bağ tipidir. Belə bağlarda, sahibinin arzusuna müvafiq olaraq, müxtəlif cins və sortlar müxtəlif qida sahələrilə əkilir. İşlərin əksəri əl ilə görülür.
Kollektiv bağ. İri fabrik, zavod və ya birliklərin nəzdində fəhlə və qulluqçuların təşkil etdikləri bağ tipidir. Belə bağın həcmi 3-5 ha-dan 25-30 ha-ya qədər olur. Burada bağçılıq yoldaşlığı yaradılır. Kollektiv bağda rayonlaşdırılmış cins və sortlar qəbul edilmiş qida sahələrilə əkilir, bağa texnoloji qulluq kollektiv şəkildə aparılır.
Sort-sınaq bağı. Yeni yaradılmış və introduksiya edilmiş sortların konkret torpaq-iqlim şəraitində öyrənilməsi, həmin şərait üçün yararlılıq dərəcəsinin müəyyənləşdirilməsilə məşğul olan bağ tipidir. Bağda olan bitkilər üzərində dəqiq müşahidə və uçot işləri aparılır.
Toxumluq və qələmlik ana bağlar. Belə bağ tipləri meyvə tingliyi nəzdində təşkil olunur.
Əmtəəlik və ya sənaye meyvə bağı. Əmtəəlik meyvə məhsulu istehsalında xüsusi rol oynayan bağ tipidir. Əmtəəlik meyvə bağında əkiləcək bitkilərə verilən qida sahələri, bağda tətbiq olunan texnoloji proseslərin səviyyəsi kəskin surətdə fərqləndiyindən bu bağ tipi ekstensiv və intensiv tipli ola bilir.
Ekstensiv tipli meyvə bağı. Belə meyvə bağı bir qayda olaraq, ucaboylu meyvə bitkilərindən salınmaqla, hər bitkiyə verilən qida sahəsi geniş olur. Belə bağın hər hektarında 80-125 ədəd bitki olmaqla məhsuldarlıq ən yüksək məhsul ilində 120-150 sen/ ha təşkil edir. Hazırda belə bağ tipləri tətbiq olunmur.