Tingin keyfiyyəti hər şeydən əvvəl onun yetişdirilməsi üçün seçilmiş ərazinin meyvə bitkilərinin bioloji tələbinə uyğunluq dərəcəsindən asılıdır. Seçilmiş ərazinin təbii şəraitinin kompleksi, becəriləcək meyvə bitkilərinin kök sisteminin və onların yerüstü hissəsinin normal böyüməsinə və inkişafına əlverişli şərait yaratmalıdır. Meyvə bağının məhsuldarlığı, məhsulun keyfiyyəti bağın yaradılması üçün yetişdirilmiş tingin keyfiyyəti ilə üzvi surətdə əlaqədardır. Qeyd olunan hal tingliyin yaradılması üçün ərazinin düzgün seçilməsində olduqca diqqətli olmağı tələb edir. Ərazi səçərkən aşağıdakı şərtlərə riayət etmək lazımdır.
3.2.1. Sahənin seçilməsində təbii şəraitSu mənbələri. Tinglik sahəsinin vaxtında suvarılmasını təmin etmək üçün seçilmiş ərazi təbii su mənbələrinə - gölə, çaya yaxın olmalıdır. İsti rayonlarda tingin yetişdirilməsi üçün su əsas amildir. Aparılmış tədqiqatlarla, adətən süni suvarma tətbiq olunmayan dəmyə rayonlarda da, xüsusilə quraqlıq dövrlərdə tingliyin süni suvarılmasının həlledici əhəmiyyət kəsb etdiyi sübut edilmişdir. Su xəstəliklərə, zərərvericilərə qarşı mübarizə məqsədilə kimyəvi zəhərli məhlulun hazırlanması üçün də tələb olunur. Tingliyin suvarılan və ya dəmyə şəraitdə yaradılmasından asılı olmayaraq ərazi təbii su mənbələrinə yaxın olmalıdır.
Qrunt sularının səviyyəsi. Ərazinin səthi ilə qrunt sularının səviyyəsi arasındakı məsafə meyvə tingi üçün böyük əhəmiyyət kəsb edir. Qrunt suları torpaq səthindən çox dərində yerləşdikdə sahədə quraqlıq, torpaq səthinə yaxında yerləşdikdə isə bataqlıq, soyuqluq, havasızlıq əmələ gəlir. Qrunt sularının duzlu, şoran olması meyvə bitkisi üçün daha qorxuludur. Sahəni suvardıqda qrunt sularının səviyyəsi qalxaraq sahəni şoranlaşdırır. Qrunt sularının səviyyəsi toxumluq ana bağ və qələmlik ana bağ salınan sahədə torpaq səthindən 2-2,5 m dərinlikdə, çoxaltma və formavermə şöbələri yaradılan sahədə isə 1,5-2 m dərinlikdə olmalıdır (Şəkil 3.8). |
Fitoindikatorlar. Bitki göstəricisi deməkdir. Ərazidə təbii halda bitən bitki cinsləri və növləri həmin ərazinin keyfiyyətini göstərir. Ərazidə təbii halda palıd, göyrüş (vən, dəndə), qarağac, böyürtkən, alma, armud, heyva, göyəm və digər meyvə bitkilərinin bitməsi, habelə sıx çəmənliyin mövcudluğu onun tingliyin təşkili üçün çox yararlı olmasını göstərir. Ərazidə söyüd, qızılağac, qarğı, qamış, cil, çiyan kimi hiqrofıt bitkilərin bitməsi həmin ərazının həddindən artıq rütubətli olmasını, ərazidə tamariks (ulğun və ya yulğun), şoranotu, sarıbaş, xəstək bitkiərinin bitməsi sahənin torpağının turş, şoran olmasını bildirir. Ərazidə cır püstə (saqqız ağacı), badam, dağdağan, murdarça, yovşan, məryəm noxudu, qaratikan kimi bitkilərin təbii halda bitməsi ərazinin quraq olmasını, qələmə, qovaq və bağda ağacların