Bu məqsədlə yazda ağaclar çiçəkləyən dövrdə çiçəklərdə, cavan zoğlarda, yarpaqlarda, ağacın gövdəsində, budaqlarında, meyvələr yetişən dövrdə isə həm meyvələrdə, həm də bitkinin vegetativ hissələrində virus mənşəli xəstəliklər aşkarlanır və xəstə ağaclar nişanlanır (Şəkil 3.6). Gizli xəstəliklərin müəyyənləşdirilməsi üçün ən yaxşı obyektiv üsul bitki indikatorlarından istifadə etməkdir. Hər indikator bitki, sınaqdan keçiriləcək bitkidə 1-3 gizli xəstəliyi aşkara çıxarır. Aparılmış tədqiqatlar nəticəsində meyvə-giləmeyvə bitkilərində gizli xəstəliklərin aşkara çıxarılması üçün aşağıdakı indikator bitkilərdən istifadə edilməsi tövsiyə edilir (Cədvəl 3.1).
Albalı və gilas bitkiləri | Şaftalı bitkisinin Elbert sortunun toxmacarı, gilas bitkisinin toxmacarı, gilas bitkisinin Binq və Sam sortları |
Ərik, gavalı, şaftalı bitkiləri | Şaftalının Elbert sortunun toxmacarı, gavalının İtalyan vengerkası və Kembriç Heyq sortu, əriyin Murpark sortu |
Virus, mikoplazma və başqa mənşəli xəstəliklərdən təmiz, sağlam ting yetişdirmək üçün calaqaltı və calaqüstü komponentlərində xəstəliklərin mövcudluğunu müəyyən etmək məqsədilə planetin konkret torpaq-iqlim şəraiti üçün indikator bitkilər araşdırılır.
Meyvə-giləmeyvə bitkilərində virus və mikoplazma mənşəli xəstəliklər. Virus və mikoplazma mənşəli orqanizmlər meyvə-giləmeyvə bitkilərində müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Yoluxmuş bitkilərin vegetativ və generativ orqanlarında eybəcərlik, qeyri-normallıq baş verir, məhsuldarlıq kəskin azalır, bitkinin ömrü qısalır. Baş vermiş xəstəlikləri vaxtında, düzgün müəyyənləşdirmək və onlara qarşı mübarizə aparmaq intensiv meyvəçilikdə əsas məsələdir.
İndikator bitkilərdən istifadə qaydası. Virus və mikoplazma mənşəli xəstəliklər sistem xarakter daşıyır. Yəni bitkinin bir orqanına xəstəlik yayılır, nəticədə bitki xəstəliyə tam yoluxmuş olur. Çəyirdəkli və bir sıra başqa meyvə bitkilərində xəstəlik çiçəyin tozcuğu ilə asan yayılır. Burada əmələ gəlmiş toxum xəstəliyin yayılması üçün əsas vasitə olur. Bitkidə gizli vəziyyətdə olan xəstəlikləri gözəyarı aşkar etmək olmur. Buna görə bağban xəstəliyi gizlində olub, zahirən «sağlam» görünən bitkiləri vegetativ yolla çoxaltmaqla xəstəliyin yayılmasında qeyri-iradi fəallıq göstərir. Xəstəliyin aşkara çıxarılması üçün toxumluq və qələmlik ana bağlarda müntəzəm müşahidə aparmaqla xəstəliyə yoluxmuş ağacları gözəyarı müəyyənləşdirirlər.
Qabaqcadan müayinə üçün lobya, tütün, xiyar bitkilərindən indikator olaraq istifadə edilir (Şəkil 3.7). Bunun üçün sınaqdan keçiriləcək meyvə-giləmeyvə bitkilərinin ləçəklərini, zoğunu, yarpaqlarını, kambisini əzərək alınmış şirəni qeyd olunan indikator bitkilərin yarpaqlarına sürtürlər. Bu üsula damcı üsulu və ya zərdabla infeksiyanın sağlam bitkiyə siraət edilməsi üsulu deyilir. Əgər meyvə-giləmeyvə bitkilərində gizli xəstəliklər olarsa, onlar 2-3 həftə ərzində sağlam indikator bitkiləri yoluxdurur. Burada sağlam bitkilərdə müxtəlif simptomlar meydana çıxır və onların vasitəsilə xəstəliklərin növü müəyyənləşdirilr.