Meyvə bağının salınması üçün vegetativ üsulla artırılaraq yetişdirilmiş əkin materialına ting, tingin yetişdirildiyi sahəyə isə tinglik deyilir. Meyvə tingliyinin əsas vəzifəsi meyvə bağı salmaq üçün çoxaldılması tövsiyə edilən meyvə-giləmeyvə bitki sortlarından yüksək keyfiyyətli, sağlam, standarta uyğun birillik və ikiillik ting yetişdirməkdən ibarətdir.
Meyvəçiliyin inkişafında meyvə tingliyinin həlledici rolunu nəzərə alaraq, onun sahəsinin genişləndirilməsi və hər bölgənin torpaq-iqlim şəraitinə uyğun meyvə tingliyi təsərrüfatlarının yaradılması vacibdir. Meyvə tingliyi daşıdığı vəzifəyə görə iki tipdə olur (Sxem 3.1)
Reproduksiyon meyvə tingliyi. Latınca «re» - yeni, yenidən, «produksion» isə istehsal deməkdir. Belə tinglik adətən meyvəçilik üzrə elmi-tədqiqat institutlarının, seleksiya təcrübə stansiyalarının, dayaq məntəqələrinin, kənd təsərrüfatı ali və orta ixtisas müəssisələrinin, universitetlərin biologiya təmayüllü fakültələri nəzdində olur. Burada yeni yaradılmış və yaxud introduksiya edilmiş sortlar çoxaldılır. Onlardan yerli şərait üçün ən dəyərlilərinin seçilərək təsərrüfatlarda becərilmələsini tövsiyə edirlər.
Sənaye meyvə tingliyi. Əmtəəlik (satış üçün) meyvə bağları salmaq üçün becərilmələri məsləhət görülən rayonlaşdırılmış cins və sortlardan kütləvi şəkildə ting yetişdirməklə məşğul olan təsərrüfatdır (Şəkil 3.1).
Meyvə tinglikləri istiqamətlərinə görə iki tipdə olur:
1. İxtisaslaşmış;
2. Qarışıq tinglik.
İxtisaslaşmış tinglik təsərrüfatlarında yalnız meyvə-giləmeyvə bitkilərinin müxtəlif sortlarından ting yetişdirilir.