Şaftalı bitkisinin calaqaltıları
Saftalı. Şaftalı sortları üçün qədim vaxtlardan tətbiq edilən calaqaltıdır.
Badam. ABŞ-da şaftalı üçün yararsız torpaqlarda şaftalını məhdud miqyasda badama da calayırlar. Lakin badamın kök xərçənginə və zərərvericilərə tutulması onun burada calaqaltı olaraq geniş tətbiqinə imkan vermir.
Badam yüngül, isti, hava yaxşı cərəyan edən, turş olmayan, zəif qələvili torpaqlarda normal bitdiyi üçün o, belə şəraitdə şaftalı sortları üçün əvəzedilməz calaqaltıdır.
Ərik. Şaftalı sortları üçün qədim vaxtlardan tətbiq olunan calaqaltıdır, lakin bəzi hallarda şaftalı yoğun olduğundan qazboyunluq yaradır ona görə də calanması tövsiyyə olunmur.
Alça. Respublikamızın rütubətli, torpağı ağır, şoranlaşmış, qrunt suları üzdə yerləşən sahələrində şaftalı sortlarının alçaya calanması məqsədəuyğundur.
Göyəm. Göyəm şaxtaya davamlı bitkidir. Şaftalının şaxtaya davamlılığının yüksəldilməsi məqsədilə onun göyəmə calanması fayda verə bilər.
Alça bitkisinin calaqaltıları
Alça sortlarını alçaya, əriyə, şaftalıya, badama, gavalıya, göyəm gavalıya, göyəmə calamaq olur. Lakin alça sortlarının yabanı və mədəni alçanm toxmacarlarına calanması geniş yayılmışdır. Bu zaman komponentlər möhkəm sığışır. Azərbaycan tingliklərində alça sortlarını yabanı və mədəni alça formalarının toxmacarlarına calayırlar.
Bir qrup meyvə bitkilərini vegetativ artırılan - klon calaqaltılara calamaqla yetişdirirlər. Belə calaqaltılar xüsusi sahələrdə əkilərək basmalarla, çiliklərlə artırılır. Belə sahəyə klon calaqaltılar sahəsi deyilir. Tələb olunan miqdarda klon calaqaltılar yetişdirmək üçün tinglik təsərrüfatının nəzdində hər bölgə üçün qəbul olunmuş standart klon calaqaltılardan anaclıq sahələr yaradılır. Belə sahənin yaradılması üçün su mənbələrinə yaxın, çoxillik alaq otlarından təmiz, torpağı strukturlu, münbit, qrunt sularının səviyyəsi torp aq səthindən 1,5-2 m dərinlikdə yerləşən, hakim küləklərdən
mühafizəli sahələr seçilir.
Bu məqsədlə sahəni 0,5-1 hektarlıq şəbəkələrə (100x50 m və ya 100x100 m) bölürlər. Şəbəkələrdə texnoloji əməliyyatların rahat tətbiqi üçün şəbəkələrin uzununa 5-6 m enində, onların eninə isə 3-4 m enində yollar çəkilir. Hər şəbəkədə yalnız bir tip anaclıq calaqaltı əkilib becərilir. Əgər eyni vaxtda 2-3 calaqaltı tipinin becərilməsi zərurəti meydana çıxarsa, bu halda onların arasında 3 m enində yol buraxılır və hər calaqaltı tipi etiketlə nişanlanır (Şəkil 2.6).
Anaclıq sahəsində geniş kök sisteminə, normal böyümüş yerüstü hissəyə malik, virus, mikoplazma və başqa mənşəli xəstəlik və zərərvericilərdən təmiz, sağlam 1-2 illik vegetativ üsulla çoxaldılmış, kök boğazının diametri 1,5-2 sm olan calaqaltıları aran rayonlarda payızda, nisbətən şaxtalı rayonlarda yazda əkirlər.