Kaliumun bitkinin başlıca üzvi maddələrinin tərkibinə daxil olmamasına baxmayaraq o, bitkidə karbohidratların hərəkətində, karbon qazının mənimsənilməsində fəal rol oynayır. Bitkidə olan kaliumun çox hissəsi yarpaqda, meyvə budaqcıqları və meyvələrdə olur. Onun çatışmazlığı nəticəsində isə bitkinin şaxtaya davamlılığı azalır, yarpaqların kənarları quruyur, yarpaq tökülür, nişasta və şəkərin miqdarı azalır, üzvi maddələrin yarpaqlardan budağa hərəkəti ləngiyir.
Kalsium fotosintez prosesi üçün zəruridir. O adətən bitkinin yaşlı hissələrində çox toplanır. Çəyirdəkli meyvə bitkiləri kalsiuma çox tələbkardır. Onun çatışmazlığından bitkilərdə kitrə (yapışqan) axımı başlayır.
Dəmirin xlorofilin tərkibinə daxil olmamasına baxmayaraq o, xlorofilin əmələ gəlməsi üçün lazımdır. Dəmir çatışmadıqda yarpaqlar saralır, bitkinin inkişafı zəifləyir, xloroz xəstəliyi baş verir. Zəif qələvi reaksiyalı əhəngli torpaqlarda becərilən meyvə bitkiləri xloroz xəstəliyinə tutulur.
Kükürd zülalın tərkibinə daxil olub tənəffüs prosesində iştirak edir. Bitki kükürdü yalnız sulfat turşusu duzları şəklində istifadə edir. Kükürd torpaqda kifayət qədər olduğundan bitki onun çatışmazlığını hiss etmir.
Maqnezium xlorofilin tərkibinə daxil olub, bitkinin karbon qazını assimilyasiya etməsi üçün böyük əhəmiyyətə malikdir. Yarpaqların yaşa dolması və xlorofilin dağılması ilə əlaqədar olaraq maqnezium meyvənin toxumlarına doğru hərəkət edir. Maqnezium çatışmazlığından yarpaqlar bədrəng alaraq tökülür, bitkinin vegetativ boyu zəifləyir.
Bitkinin normal böyüməsi və inkişafı üçün cüzi miqdarda tələb olunan maddələrə mikroelementlərdeyilir. Buraya bor, manqan, mis, sinq və d. daxildir. Sink, manqan və d. mikroelementlərin iştirakı olmadan zülalın yaranması prosesi başa çata bilmir.
Mikroelementlər peyinin, kompostun, fekalın, quş zılının, külün və sair təbii gübrələrin tərkibində olur. Məsələn, bor çatışmayanda köklərin böyüməsi, çiçəkləmə və çiçəklərin mayalanması prosesləri, keçirici toxumaların inkişafı zəifləyir, zoğun böyümə nöqtəsi məhv olur. Bor ən çox çiçəklərdə toplanır. Bu elementlə təmin olunmayan çiçəyin dişiciyi inkişaf edə bilmədiyindən o tökülür.
Bitkidə oksidləşmə-reduksiya prosesində manqanın rolu böyükdür. O, xlorofilin normal əmələ gəlməsi üçün də lazımdır.
Mis çatışmadıqda köklərin böyüməsi zəifləyir, çiçəyin saplağı quruyur, zoğun uc nöqtəsi məhv olur. Sink çatışmadıqda buğumaraları qısalır, yarpaqlar kiçilir, xloroz, nekroz xəstəlikləri baş verir, yarpaqlar vaxtından əvvəl tökülür.
Meyvə bitkisi məhsul verməyə başlayanadək qida maddələrinə tələbatı az olur. Lakin o, məhsul verməyə başladıqdan sonra qida maddələrinə tələbatını artırır. Müxtəlif meyvə bitkiləri hər sentner meyvə məhsulu əmələ gətirmək üçün torpaqdan müəyyən miqdarda qida maddələri mənimsəyir.