Torpaq. Çəyirdəkli meyvə bitkiləri çoxillik olmaqla onlar əkildikləri sahədə uzun illər yaşayır və məhsul verirlər. Bu bitkilərin normal böyüməsi, inkişafı, uzun müddət yaşayıb bol məhsul vermələri və məhsulun keyfiyyəti torpağın xüsusiyyətindən də asılıdır. Bitkinin yerüstü sisteminin vəziyyəti onun kök sisteminin vəziyyətindən xeyli asılıdır. Bitki ona uyğun olmayan torpaqda normal böyüyə bilmədiyindən məhv olur. Çəyirdəkli meyvə bitkilərinin torpağa olan münasibəti onun cins, növ, sort xüsusiyyəti və calaqaltının tipindən asılıdır. Torpaq bitkinin tələbinə uyğun olarsa, onun kök sistemi dərinlərə və ətrafa işləyir, yerüstü hissəni qida maddələri və su ilə normal təmin edir. Belə şəraitdə becərilən bitki uzun ömürlü olub, bol və yüksək keyfiyyətli məhsul verir. Bitkinin böyümə və inkişafı üçün əlverişli olmayan torpaq tiplərində becərilən bitkinin kök sistemi normal inkişaf edə bilmədiyindən o, yerüstü hissəni su və qida maddələri ilə normal təmin edə bilmir. Belə şəraitdə olan bitki az və keyfiyyətsiz məhsul verərək qısa ömürlü olur (Şəkil 1.18).
Meyvə bağı salmaq üçün seçilmiş ərazinin toprağını hərtərəfli öyrənərək, orada bu və ya digər meyvə bitkilərinin becərilməsinin mümkün olduğunu müəyyənləşdirmək lazımdır. Çoxillik təcrübələrlə sübut edilmişdir ki, quraq və yarımrütubətli bölgə torpaqlarında köklərin 1,6-1,8 m-dən üzdə, rütubətli və mülayim iqlim şəraitində isə 60-90 sm-dəm üzdə yerləşmələri yüksək və sabit məhsula zəmanət verə bilməz.
Torpağın bu baxımdan əsas göstəricilərindən biri onun su və hava keçirmə qabiliyyətidir. Kifayət qədər su və hava keçirmə qabiliyyətinə malik torpaqlar meyvə bitkiləri üçün əlverişlidir.
Torpağın yüksək sıxlığı (həcmi çəki) əksər hallarda bitkiyə mənfi təsir edir. Müəyyən olunmuşdur ki, gilas və ərik torpaq sıxlığı 1,5 q/sm3 olduqda inkişaf edə bilmir. Meyvə bitkilərinin həyatında torpaq məhlulundakı hidrogen ionlarının qatılığının (pH) da rolu böyükdür. Torpaq bu baxımdan neytral, turş və qələvi mühitli olur.
Turş torpaqlarda karbonatlar asanlıqla yuyulur ki, bunun da nəticəsində torpağın fiziki xüsusiyyəti pisləşir, strukturluğu pozulur, azotobakterlərin, nitrifıkatların və digər xeyirli mikroorqanizmlərin fəaliyyəti zəifləyir, kök sisteminin böyümə və inkişafına mənfi təsir edən göbələklərin miqdarı və fəaliyyəti artır. Bu şəraitdə becərilən bitkinin normal böyümə və inkişafı məqsədilə torpağı əhəngləyirlər. Meyvə-giləmeyvə bitkiləri özlərinin tarixi inkişafları dövründə müəyyən torpaq tipinə və torpaq məhlulu mühitinə alışmışlar. Bunun nəticəsidir ki, çəyirdəkli meyvə bitkiləri neytral torpaqlarda normal bitir.
Kalsiuma münasibətlərinə görə meyvə-giləmeyvə bitkilərini iki böyük qrupa ayırırlar. Torpaqda kalsiumun (əhəng) çoxluğunu tələb edən bitkilərə kalsefil bitkilər deyilir. Bu qrupa çəyirdəklilər meyvə bitkiləri daxildir.
Xlorlu, duzlu torpaqlar meyvə bitkilərinin böyümə və inkişafına mənfi təsir edir. Torpaqda natrium xloridin 0,5% olması bitkiyə öldürücü təsir edir.