Rütubət. Su, meyvə-giləmeyvə bitkilərinin böyümə və inkişafında həlledici rol oynayır. O, bitkidə olan hüceyrələri turqor (dolu) vəziyyətdə saxlayır. Hüceyrələrdə gedən kimyəvi proseslər üçün şərait yaradır, hüceyrələrin başqa hissələrinin yaranmasında iştirak edir, torpaqda olan qida maddələrini əridərək bitki tərəfindən istifadəsi üçün şərait yaradır. Torpaqda suyun azlığı və ya çoxluğu bitkiyə mənfi təsir edir. Su az olarsa bitkinin vegetativ boyu zəifləyir, çiçək tumurcuqlarının miqdarı azalır, əmələ gəlmiş yarpaqlar, çiçəklər və ya meyvələr normal böyüyə bilmədiyindən tökülür. Vegetasiya dövründə su ilə təmin olunmamış bitki şaxtaya davamsız olur. Torpaqda rütubət həddindən artıq olduqda köklər havadan və qida maddələrindən istifadə edə bilmir, tədricən çürüyür, bitkinin yerüstü hissəsi zəifləyir, nəhayət bitki məhv olur. Su eyni meyvə bitkisinin müxtəlif hissələrində bir bərabərdə olmur. Belə ki, meyvənin lət hissəsində 90 %-dək, köklərdə 60-85 %, yarpaq və budaqlarda isə 50-75 % su olur (Şəkil 1.15).
Bitki yarpaqları vasitəsilə suyu buxarlandırır. Bir qram quru üzvi maddənin əmələ gəlməsi üçün sərf olunan suyun miqdarına transpirasiya (buxarlanma) əmsalı deyilir. Meyvə bitkiləri üçün bu əmsal 200-500 qramdır. Bitkinin transpirasiya zamanı gündəlik buxarlandırdığı suyun miqdarı onda olan suyun ümumi miqdarının 10-80 %-ni təşkil edir. Buxarlanan suyun miqdarı bitkinin həcmindən və yaşından da asılıdır. Buxarlanma yarpaqda və ağacın digər hissələrində temperaturu aşağı salır ki, bu da yayın isti vaxtlarında bitki üçün çox əhəmiyyətlidir. Bitki su ilə təmin olunma dərəcəsindən asılı olaraq buxarlanmanı nizamlayır. İsti vaxtlarda buxarlanma həddindən artıq sürətlənir. Su ilə təmin olunmayan ağac yarpaqların ağızcıqlarını örtməklə buxarlanmanı 10 dəfəyədək azaldır ki, bu da onu qurumaqdan mühafizə edir. |