Hörmətli oxuyucu!
Bağçılığın bir hissəsi olan meyvəçilik, insanın qidalanmasına yararlı meyvə-giləmeyvə əmələ gətirən çoxillik bitkilərin becərilməsi ilə məşğul olan elm sahəsidir. Meyvəçiliyin kənd təsərrüfatı əhəmiyyəti meyvə və giləmeyvələrin insan orqanizmində yüksək dəyəri ilə müəyyənləşdirilir. Aparılan tədqiqatlarla müəyyən olunmuşdur ki, insanın gündəlik qida rasionunda (süfrəmizdə) meyvə-giləmeyvə bitki məhsullarından istifadə olunması, insanın sağlamlığına, ömrünün uzunluğuna, əhvali-ruhiyyəsinin yüksək olmasına bilavasitə təsir edir. Elmi tədqiqat qidalandırma İnstitutu hər nəfər üçün ildə 76 kq meyvə - giləmeyvə istehsal olunmasını orta fizioloji norma kimi müəyyənləşdirmişdir. Çəyirdəkli meyvələr - 38-42 kq, çəyirdəkli meyvələr - 7-8 kq, qərzəkli meyvələr - 1-2 kq, subtropik meyvələr - 5-7 kq, sitrus meyvələr - 3-5 kq, gilə-meyvələr - 8-9kq, tropik meyvələr - 1-2 kq (Əgər insan göstərilən normada meyvə məhsulu qəbul edərsə heç vaxt xəstələnməz və gec qocalar).
Meyvə bitkiləri arasında çəyirdəkli meyvə bitki məhsulları 7-8 kq təşkil edir. Çəyirdəkli meyvə bitkilərinin meyvələrinin tərkibində insan orqanizmi üçün vacib şəkərlər, turşular, dabaq və pektin maddələri, kül elementləri, sellüloza, vitaminlər, mineral duzlar vardır. İnsan orqanizmi üçün bu maddələr olduqca böyük əhəmiyyət kəsb etdiyindən bu meyvələrə olan tələbat günü-gündən artmaqdadır.
Azərbaycanda meyvəçilik olduqca qədim tarixə malikdir. İbtidai dövrlərdə Azərbaycanın dağ ətəklərində yerli əhali meşə meyvələrini yığıb istifadə etməyə və tədricən mədəniləşdirib bağlar salmağa başlamışlar. Bu baxımdan da insanlar çəyirdəkli meyvə bitkilərinin becərilməsi ilə qədimdən məşğul olmaqla bu günə kimi davam etdirirlər.
Respublika əhalisinin məhsula olan tələbatını ödəmək üçün geniş imkanlar vardır. Dünyada məlum olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması tropik meyvə bitkilərindən başqa (banan, manqo, və s.) qalan bütün bitkilərin-əsasən də çəyirdəkli meyvə bitkilərinin açıq şəraitdə becərilməsinə geniş imkan yaradır.
Çəyirdəkli meyvə bitkiləri dedikdə gilas, ərik, gavalı, alça, şaftalı, albalı, göyəm, iydə, çaytikanı başa düşülür. Bu bitkilər çəyirdəkli meyvə bitkilərindən sonra becərilmə ərazisinə və istehsalına görə ikinci yerdə durur.
Azərbaycanın bütün bölgələrində becərilmə imkanlarının geniş olması, məhsuldan müxtəlif məmulatların hazırlanması, ondan həm təzə həm emal olunmuş şəkildə bütün ilboyu istifadə imkanlarının geniş olması, əhalinin günü gündən artan tələbatı bu bitkinin becərilmə texnologiyasının işlənib hazırlanmasına əsas verir.
Çəyirdəkli meyvə bitkiləri xarici mühit amillərinə münasibəti müxtəlifdir. Bu bitkilər müxtəlif vaxtlarda çiçəklədiyindən, müxtəlif vaxtda yetişdiyindən və eləcədə müxtəlif strukturlu torpaqlarda becərildiyindən hər bir sortun bioloji xüsusiyyətinə uyğun qulluq texnologiyası tətbiq olunmasını tələb edir.
Moduldan istifadə edəcək öyrəncilər bu bitkilər haqqında geniş məlumat toplamaqla onların ayrı-ayrı fazalarında qulluq işləri,çoxaldılması üsulları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması, məhsulun yığımı qaydası, məhsulun çeşidlənməsi, saxlanılması, emal olunması və satışının təşkilini mükəmməl mənimsəmə imkanı qazanacaqdır.