Mübarizə tədbirləri. Kitrəburaxma xəstəliyindən çəyirdəkliləri qorumaq üçün profilaktik tədbirlərə üstünlük verilməlidir. Hər bir çəyirdəkli meyvə bitkisinin tələbləri nəzərə alınmaqla aqrotexnikaya ciddi əməl edilməlidir. Bağlar yüngül, yaxşı havalanma qabiliyyəti olan torpaqlarda salınmalıdır. Artıq gübrə dozaları, xüsusilə azotun birtərəfli qaydada tətbiqi yol verilməzdir. Vaxtında alaqlara qarşı mübarizə aparmaq, daim torpağı yumşaltmaq tələb olunur. Maşın mexanizmlərlə bitkilərin zədələnməsinə yol verilmir. Ştambı əhənglə ağartmaqla termiki zədələrə imkan verilmir, kompleks xəstəlik və zərərvericilərdən qoruma işi elmi əsaslarla təşkil edilir və s (Şəkil 6.13).
Gavalı mənənəsi. Gavalı mənənəsi çəyirdəkli meyvə ağaclarının qorxulu zərərvericisidir. Onun qidalanması nəticəsində yarpaqlar bükülür. Belə yarpaqların assimillyasiya səthi kəskin azalır, yoluxmuş ağacların meyvəsi tam inkişaf etmir və eybəcərləşir. Digər tərəfdən mənənə qidalandığı zaman yapışqanlı maddə ifraz edir. Bu maddənin üzərində saprofit göbələklər inkişaf edərək çoxalır, budaqları və yarpaqları çirkləndirir (Şəkil 6.14).
Mübarizə tədbirləri. Bağların yaxınlığında olan qamışlıqlar məhv edilməlidir. Çiçəkləməyə qədər Aktara 25 WG, Enjio 247 SC preparatlarından tətbiq etməklə mübarizə aparılır.
Alma yaşıl mənənəsi. Alma, gavalı, heyva, zoğal, bitkilərinə zərər verən bu həşərat respublikamızın bütün rayonlarında geniş yayılmaqla əsasən cavan meyvə ağaclarına böyük ziyan vurur.
Mübarizə tədbirləri
1. Qışlayan yumurtaları məhv etmək məqsədilə ağacların istirahəti dövründə olan nitrofen preparatının 2-3%-li məhlulu, yaxud dinitportokrezolun 1%-li, yaxud içərisinə 0,5% dinitportokrezolun qatılmış 4%-li mineral-yağ emulsiyası ilə çilənməlidir.