5.6. Torpağın saxlanması sistemi və becərilməsi texnologiyası
Məhsuldar bağa qulluq. Məhsuldar bağ, ilk əmtəəlik məhsulvermə dövründən ağacların potensial məhsulvermə imkanlarının tükənməyə başladığı dövrə qədər olan vaxtı əhatə edir. Bu müddətdə həm torpağa və həm də ağaclara olan qulluq işləri cavan bağdan kəskin şəkildə fərqlənir.Ağaclar məhsula düşdükdən sonra cərgəaralarından istifadə tamam dayandırılır və cərgəaraları əsas bitkilərin normal inkişafını təmin edə biləcək sistemlərdən biri altında saxlanır.
Bu sistemlərin hər hansı birinin tətbiqi cinsin bioloji xüsusiyyətindən, təbii şəraitdən, təsərrüfatın iqtisadi və təşkilatı səviyyəsindən asılı olaraq tətbiq edilə bilər.
Qara herik sistemi. Torpağın alaqlardan təmiz, yumşaq şum altında saxlanmasını nəzərdə tutan becərmə sistemidir. Ağacların boyu və meyvələrin kütləsi artır. Lakin uzun müddətli qara herik torpağın strukturunun pozulmasına, onun yuyulmasına, humusun azalmasına, mikro-orqanizmlərin həyat fəaliyyətinin zəifləməsinə səbəb olduğundan bağlarda 3-4 ildən artıq dövr üçün məsləhət görülmür (Şəkil 5.15).
Çəmən sistemi. Sahə başdan-başa çoxillik ot bitkiləri altında saxlanılır, ot biçilərək sahədən çıxarılır. Yalnız gövdə ətrafı bellənir və şum altında saxlanır (Şəkil 5.16).
Çəmən altında saxlanan torpaqda mikroorqanizmlərin fəaliyyəti güclənir, üzvi birləşmələrin kütləsi çoxalır, torpağın qızmasının və yuyulmasının qarşısı alınır, qrunt sularının səviyyəsi aşağı düşür, meyvələrin keyfiyyəti yaxşılaşır, onların saxlanması müddəti uzanır.
Dağlıq və dağətəyi rayonlar üçün bu sistem daha əlverişlidir.
Herik-sideral sistemi. Vegetasiyanın birinci yarısında, əsas bitkiləri rəqabətdən azad etmək üçün sahə qara herik altında saxlanılır, yayın sonunda isə normal suvarma fonunda sahəyə qısa vegetasiya dövrünə malik olan müxtəlif otlar (xardal, noxud, faseliya, çöl noxudu ilə payızlıq covdar) səpilir. Otlar çiçəkləyən ərəfədə və ya paxla əmələ gətirən dövrdə şumdan qabaq biçilib sahəyə tökülür, yaxud da vərdənə ilə yastılaşdırılaraq şumlanır.
Bitkili-herik və ya müvəqqəti çimləmə. Çəmən və qara herik sisteminin üstün cəhətlərini birləşdirir. Cərgənin biri növbə ilə 2-3 il müddətinə qara herik, digəri isə həmin müddətə çoxillik ot altında saxlanılır. Ot hər il biçilib sahədən çıxarılır. Sonra sahə şumlanır və qara heriyə çevrilir. Qara herik sahəsinə isə ot səpilir. İntensiv tipli meyvə bağları üçün normal rütubətli şəraitdə yüksək səmərəli sistemdir.