Azotlu gübrələr yüksək mənimsənildiyindən, onun payızdan verilməsi əlverişli deyil. Çünki bu halda azotun kütləvi itkisi baş verir. Buna görə də azotlu gübrələr vegetasiyanın başlanğıcında və ya vegetasiya dövründə hissələrlə, çiçəkləmədən qabaq və meyvəciklərin kütləvi tökülməsindən (iyun) sonra verilir.
Mikrogübrələr bir qayda olaraq, kökdənkənar yemləmə şəklində, vegetasiya dövründə ağaclara çilənir.
Gübrələr torpağa iki qayda ilə - torpaq səthinə səpilərək şumlanır və yaxud da xüsusi maşınların vasitəsilə, bitkinin kökləri yerləşən torpaq laylarına verilir.
Suvarılan bağlarda bəzən gübrələr suvarma arxları ilə də verilir.
Suda həll olunmuş gübrələr, kökdənkənar yemləmə şəklində də verilir. Meyvə bitkilərinin bütün hissələri yüksək sorma qabiliyyətinə malik olduğundan, bu üsulla gübrələmə elementlərin tez bir zamanda mənimsənilməsinə səbəb olur.
Gübrələmə norması. Gübrələmə norması torpaqdakı qida elementlərinin miqdarından, qulluq texnologiyasının səviyyəsindən, cərgəarasının saxlanma sistemindən, su ilə təminat-dan, iqlim şəraitindən, bitkinin bioloji xüsusiyyətləri, yaşı, əkinin sıxlığı və planlaşdırılan məhsuldan asılı olaraq dəyişir.
Müəyyən olunub ki, məhsuldarlığı 80-100 t olan bağın hər hektarından ildə 80-100 kq N, 25-40 kq P, 120-150 kq K məimsənilir.
Gübrə normaları elə planlaşdırılmalıdır ki, qida elementləri torpaqda optimal miqdarda saxlanıla bilsin.
Mineral gübrələrin ifrat dərəcədə olması torpaqdan üzvi birləşmələrin yuyulub çıxmasına, ikinci gilli mineralların yaranmasına, mikroorqanizmlərin, həşəratların və yağış qurdlarının həyat fəaliyyətinin pisləşməsinə səbəb olur.
Mineral gübrələrin bütövlükdə və xüsusilə də, nitrat formalı azot gübrələrinin qeyri-rasional şəkildə tətbiqi, onların yağış və sel suları ilə çıxarılmasına, aşağı torpaq qatlarına keçərək qrunt sularının çirklənməsinə səbəb olur.
Mineral duzların yüksək dozalarla tətbiqi meyvə bitkilərində zəhərlərin toplanmasına səbəb olur.
Qeyd olunanlardan irəli gələrək mineral gübrələrin tətbiqi zamanı ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə onların, bitkilərin tələbatına uyğun normalarla vaxtında verilməsi təmin edilməlidir.
Cavan ağaclar bağa əkildikləri gündən onlar gələcəkdə uzunmüddətli fəaliyyət üçün hazırlanmalıdır.
Cavan ağaclara qulluq işi ştambda və calaqaltılarda əmələ gəlmiş pöhrələri kəsib atmaq, xəstəlik və zərərvericilərlə daimi mübarizə aparmaq, gövdənin zədəli hissələrini müalicə etmək və başlıcası qəbul edilmiş plan üzrə nəzərdə tutulmuş çətir formalarının verilməsi və ağacda uyğun çətir yaratmaqdan ibarətdir.Çətir yaratmaqdan ötrü düzgün budama işi aparılmalıdır.Formavermə əsasən budama ilə müşaiyət olunduğundan cavan bağlarda bu iki məfhum daim birlikdə işlənir.Yaşlı bağda isə bu bərabərlik aradan çıxır.