Ammofos. Toz və dənəvərləşmiş halında olan belə gübrənin tərkibində 10-13 % azot, 43-53 % mənimsənilən fosfor (o cümlədən 37-48 % suda həll olan fosfor) olur. Cəmi elementlərin miqdarı 53-66 % təşkil edir. Həm payızdan şum altına və həm də yemləmə şəklində vegetasiya dövründə verilə bilər.
Diammofos. Tərkibində qida elementləri 64 % olan bu mürəkkəb gübrədə azot 18 %, mənimsənilən fosfor 46 % təşkil edir.
Kalium-nitrat (kalium şorası). Tərkibində 13,8 % azot, 46,5 % kalium oksidi vardır. Təbii halda quru iqlim şəraitinə malik şoran torpaqlarda rast olunur. Bu gübrə həm əsas şum altına, həm də yemləmə şəklində verilə bilər.
Meyvəçilikdə əsas qida elementləri sayılan azot, fosfor və kalium tərkibli gübrələrdən başqa, digər elementləri birləşdirən mineral gübrələrdən də müəyyən dərəcədə istifadə edilir.
Mikrogübrələr. Mikroelementlər bitkilərin tərkibində çox cuzi miqdarda (0,01-0,02 %) olmasına baxmayaraq onlar həyat üçün zəruri elementlərdir. Mikrogübrələr əsasən kökdən kənar yemləmə şəklində verilir.
Bor gübrəsi. Bor sərbəst halda torpaqda çox cuzi miqdarda (0,001 %) olduğundan meyvə bitkilərinin bu elementə həmişə ehtiyacı olur. Bor gübrəsi əsasən əhəngləşmiş turş torpaqlara verilir.
Molibden gübrəsi. Meyvə bitkiləri, xüsusən turş reaksiyalı çimli, podzol, boz meşə torpaqlarında, bu elementə böyük ehtiyac duyur. Turş torpaqların əhənglənməsi torpaqda olan molibdenin mənimsənilməsini asanlaşdırır və gübrəyə ehtiyac qalmır.
Mis gübrəsi. Mis elementi torpaqda varsa o, bitkilər tərəfindən asanlıqla mənimsənilir. Sərbəst gübrə kimi isə mis sulfat (mis kuporosu), mis-kallium, pirit kolçedanı istifadə edilə bilər.
Sink gübrəsi. Quru iqlimə malik bölgələrdə adi və karbonatlı-qara torpaqlarda, çəmən-qara torpaqlarda, tünd və boz şabalıdı torpaqlarda sinkin miqdarı ciddi şəkildə azalır. Sinkin mənimsənilməsinə həmçinin torpağın qələviliyi, karbonatlığı, şoranlığı, aşağı humusluğu da təsir göstərə bilir.
Gübrələrin verilməsi vaxtı və qaydası. Gübrələrin verilməsi vaxtı onların növündən, torpağın tipindən, bitkilərin ayrı-ayrı fazalarda qida elementlərinə olan tələbindən asılıdır.
Əsas gübrələr payızda şum altına, yemləmə gübrələri isə vegetasiya dövründə verilir.
Üzvi gübrələr bir qayda olaraq iki-üç ildən bir, fosforlu və kaliumlu gübrələr isə hər il, payızda şum altına verilir. Lakin orta və ağır mexaniki tərkibə malik torpaqlarda fosforlu və kaliumlu gübrələri hər il vermək məsləhət görülmür.