Amonium-nitrat (ammonyak şorası). Fizioloji turş gübrədir. Tərkibində eyni nisbətdə 34 % ammonyak (NH4) və nitrat (N03) azotu olur. Ən çox turş olmayan torpaqlar üçün məsləhət görülür.
Natrium şorası (natrium nitrat, çili şorası). Ağ rəngli kristaldır. Tərkibində 16 %-dən az olmayaraq azot olur. Qələvi xüsusiyyətlidir. Ən çox turş torpaqlar üçün məsləhət görülür.
Kalsium şorası (kalsium nitrat). Tərkibində 17,5 %-dən az olmayaraq azot olur. Yüksək hiqoskopikdir. Qələvi xüsusiyətlidir. Turş torpaqlar üçün məsləhət görülür.
Ammonium-sulfat. Ağ rəngli kristal duzdur. Tərkibində 20,8-21% azot olan bu birləşmə suda asan həll olur,fizioloji turş gübrədir. Buna görə də turş olmayan torpaqlar üçün məsləhət görülür.
Karbamid (sidik cövhəri). Tərkibində 46 % azot olan bu üzvi gübrə yüksək hiqroskopikliyə malik olub nitrifikasiya prosesi keçdikdən sonra torpaq reaksiyanın turşuluğunu artırır. Turş olmayan torpaqlar üçün məsləhət görülür.
Adi superfosfat. Tərkibində fosforun (P205) miqdarı 19-20 % təşkil edən bu gübrə toz və dənəvər halda buraxılır. Bütün torpaq tipləri üçün istifadə edilə bilər. Lakin turş torpaqlarda yüngül həll olan formalar, torpaq hissəciklərində möhkəmlənərək çətin həll olan formaya çevrilir. Ona görə də turş torpaqlarda bu gübrə verilməzdən qabaq torpaq əhənglənməlidir.
İkiqat superfosfat. Tərkibində fosforun miqdarı 42-49 % olan bu birləşmə suda asan həll olur. Adi superfosfata nisbətən daha çox təsiredici maddəyə malik olduğundan, təsərrüfat üçün iqtisadi cəhətdən sərfəli sayılır.
Kaliumlu gübrələr. Azərbaycan torpaqlarında kaliumun miqdarı kifayət qədər olmasına baxmayaraq, onun mənimsənilən formada olmaması bu gübrəyə olan ehtiyacı xeyli artırır.
Kalium sulfat. Tərkibində 48-50 % kalium oksidi olur. Suda yaxşı həll olur. Bütün torpaqlar üçün yararlıdır. Torpaqları bir qədər turşulaşdıra bilir. Turş torpaqlarda əhəngləmə ilə birgə aparılmalıdır.
Kalium xlorid. Tərkibində 53,6-62,5 % kalium olan bu gübrə suda yaxşı həll olur. Zəif hiqroskopikdir. Tərkibində olan xlor, bəzən bitkilərə mənfi təsir göstərə bilir. Ona görə də bu gübrə payızdan şum altına verilir ki, vegetasiya dövrünə qədər xlorun müəyyən hissəsi yuyulub aşağı torpaq qatlarına keçə bilsin. Torpağın turşuluğunu artırdığından, turş torpaqlarda əhəngləmə ilə birgə tətbiq edilməlidir.
Kalium duzu. Tərkibində 41-44 % kalium vardır. Hiqroskopikliyi zəifdir. Torpağı turşulaşdırmaq xüsusiyyətinə malikdir. Asan mübadilə olunur. Turş torpaqlarda əhənglə birgə verilir.
Kompleks gübrələr. Tərkibində 2-3 ədəd qida elementi olan gübrələrdir. Belə gübrələr ikiqat (ammofos, diamofos, kalium-nitrat) və üçqat (nitrofoska, karboammofoska) qarışıqdan ibarət olur (Şəkil 5.9).