Sonrakı illərdə mineral gübrələr hər il, üzvi gübrələr isə iki ildən bir verilir.
Meyvə bitkilərindən bol və yüksək keyfiyyətli məhsul götürmək üçün onlar müntəzəm olaraq gübrələnməlidir.
Üzvi gübrələr. Üzvi gübrələrə peyin, kompost, peyin şirəsi, torf, yaşıl gübrələr aiddir. Üzvi gübrələrin tərkibində meyvə bitkiləri üçün vacib olan azot, fosfor, kalium elementləri vardır. Üzvi gübrələrin tərkibində olan birləşmələr parçalanaraq torpaqda humusun miqdarını artırır, strukturunu yaxşılaşdırır, onu karbon qazı ilə zənginləşdirir, buferliyini çoxaldır. Üzvi gübrələr tam minerallaşdıqdan sonra bitkilər tərəfindən mənimsənilir. Minerallaşma prosesi müəyyən müddət vaxt tələb etdiyindən, üzvi gübrələrin hər il deyil, ilaşırı və ya iki ildən bir verilməsi məsləhət görülür.
Peyin. Peyinin torpaqda gedən bir sıra bioloji prosesləri sürətləndirməsi və əsas qida elementləri mənbəyi olduğu nəzərə alınaraq, meyvə bağlarında ondan geniş istifadə olunur.
Cavan bağlarda peyin hər hektara 20-30 ton, məhsuldar bağlarda isə 30-40 ton miqdarında nəzərdə tutulur. Peyin payızdan, əsas şum altına verilir.
Peyin şirəsi. Peyinin maye hissəsidir. Peyin şirəsində az miqdarda (0,3 %) karbamid şəklində azot və kalium (0,5 %) olur. Fosfor demək olar ki, yox dərəcəsindədir. Peyin şirəsi bitkilər tərəfindən tez mənimsənildiyindən onu vegetasiya dövründə su ilə qarışdırıb bitkilərin yemləndirilməsində istifadə edirlər. Orta hesabla hər hektara 5-6 ton təzə peyin şirəsi optimal norma sayılır.
Kompost. Təzə peyinə saman və ya torf qarışdırmaqla əldə olunan üzvi gübrədir. Torfla peyin şirəsinin qarışdırılması üzvi maddələrin parçalanmasını sürətləndirir, torfun turşuluğunu azaldır, azotun tam saxlanmasına şərait yaradır. Payızda və ya qışda hazırlanmış belə kompost yazda və ya vegetasiya dövründə verilir (Şəkil 5.8).
Yaşıl gübrələr. Torpaqda üzvi maddələr, azot və digər qida elementləri ehtiyatını artırmaq məqsədilə istifadə olunan, bitki mənşəli gübrələrdir. Siderat adı ilə daha çox məhşur olan yaşıl gübrələrə paxlalı bitkilər aiddir. Siderat bitkilər azotla normal, fosfor və kaliumla isə az təmin olunduğundan, sahəyə əlavə olaraq bu elementlərin verilməsi tələb olunmur.
Mineral gübrələr. Mineral gübrələr qeyri-üzvi mənşəli birləşmələrdir.
Azotlu gübrələr. Torpaqda olan azot ehtiyatı əsasən üzvi birləşmələr şəklində olduğundan o, bitkilər tərəfindən mənimsənilə bilmir. Meyvəçilikdə geniş istifadə edilən azotlu gübrələr aşağıda verilir.