Suvarma üsulları. Suvarma üsulları ekoloji şəraitdən, su ehtiyatından, illik yağıntıların paylanmasından asılı olaraq müxtəlif ola bilir. Şırımlarla suvarma. Cərgənin uzununa, ağaclardan 70-80 sm aralı birinci və 60-100 sm aralı sonrakı şırımlar, 12-25 sm dərinlikdə olmaqla, kultivatorla açılır. Hər şırımın uzunluğu 50-100 m olur. Su, bu şırımlara buraxılır. Sahə bərabər surətdə suvarılır. Lakin suvarmadan sonra cərgəaralarının becərilməsi çətinləşir (Şəkil 5.3). Zolaqlarla suvarma. Cərgəaralarında eni 1,8-4,2 m olan 70-300 m uzunluğunda zolaqlar (ləklər) yaradılır. Su, bu zolaqlarla axıdılır. Mənfi cəhəti həddindən artıq su sərfidir. Dairələrlə (kasa) suvarma. Hər gövdəətrafında ağacın çətrinin diametrindən asılı olaraq, eni 2-6 m olan kasa düzəldilir. Su, paylayıcı şırımlarla bu dairələrə ötürülür və dairə dolduqdan sonra o, növbəti dairəyə yönəldilir (Şəkil 5.4 və Şəkil 5.5). Qeyd olunan torpaqüstü suvarma üsullarında həddindən artıq su sərfi olduğundan onlar müasir intensiv bağçılığın tələblərinə cavab vermir. Su sərfinin azaldılmasına yönəldilən üsullar aşağıdakılardır. Süni yağışyağdırma. Bu üsulda suvarma, stasionar və ya müvəqqəti borular vasitəsilə aparılır. Süni yağışyağdırmanın üstün cəhətləri kimi onun müxtəlif relyefə malik, qrunt suları üzdə olan sahələrdə istifadə edilməsinin mümkünlüyü, su sərfinin nizamlanması, havanın quraqlığının aradan qalxması, yarpaqların yuyulması, tozun yatması və s. göstərmək olar. Eyni zamanda qeyd edilməlidir ki, bu halda havanın nisbi rütubətliyinin artması ilə göbələk xəstəliklərinin inkişafı da sürətlənə bilir. Bu halda qabaqcadan mübarizə tədbirləri işlənib hazırlanmalıdır (Şəkil 5.6). |