Müəyyən olunmuşdur ki, ali bitkilərin ifraz etdikləri iki maddədən biri (fitonsidlər) mikroorqanizmlərin, digəri isə (kolinlər) bitkilərin inkişafını ləngidir, onlara öldürücü təsir edir. Bunlardan birincisi yarpaqlar, ikincisi isə köklər vasitəsilə ifraz olunur.
Bir qrup cərgəarası bitkilərin kökləri vasitəsilə rizosferaya çıxardıqları kolinlər (zəhərli maddələr), meyvə bitkilərinin böyümə və inkişafına mənfi təsir göstərir. Məsələn, müəyyən olunmuşdur ki, çəyirdəkli meyvə bitkilərinin cərgəaralarında pomidor, bibər, badımcan becərilməsi, bir sıra hallarda əsas bitkilərin klastresporioz və vertisilloz xəstəlikləri ilə sirayətlənməsinə səbəb olur.
Dənli bitkilər sahəyə çoxlu gəmirici topladıqlarından, qarğıdalı, günəbaxan, tütün isə hündür gövdəli olduqlarından onların cərgəarası bitki kimi istifadəsi məsləhət görülmür.
Yazlıq kələm vegetasiya dövründə əsas bitkinin qidasına və suyuna şərik çıxdığından, moruq, böyürtkən çoxlu pöhrə verdiklərindən, bostan bitkiləri cərgəni becərmək imkanı vermədiyindən və sahəni tutduğundan bağ üçün əlverişli sayılmır.
Bunları nəzərə alaraq hər bölgənin torpaq-iqlim şəraitinə və əsas bitkinin bioloji tələbinə uyğun olaraq cərgəarası bitkilər seçilir.
Ümumiyyətlə bağda xəstəlik və zərərvericilərə qarşı kimyəvi preparatlardan istifadə edilməyəcəksə, cərgəaralarında istifadə üçün çiyələk, qarağat, meyvəli tərəvəzlər, yonca, gülül, soya, topal, rayqras və s. əkilə bilər.
Əgər kimyəvi preparatlardan istifadə ediləcəksə hər cərgədən bir növbəli əkin sistemi əsasında kartof, yerkökü, faraş kələm, baş soğan, sarımsaq, turp, yem və süfrə çuğunduru, lərgə, lobya, tərəvəz noxudu, paxla və s. əkmək olar.
Meyvə bağı ucaboylu calaqaltılara calanmış sortlardan salındıqda, o zaman gödəkboylu calaqaltılara calanmış həmin sortların ağacları cərgəaralarında sıxlaşdırıcı bitki kimi becərilə bilər. Belə ağaclar gödək boylu, tez məhsula düşən və az ömürlü olduqlarından, onlar əsas ağaclar tam məhsula düşənə qədər həyat fəaliyyətlərini başa çatdırır.
Meyvə bitkiləri canlı orqanizm olduğundan o, əsasən sudan təşkil olunur. Bitkinin ayrı-ayrı hissələri su ilə təmin olunmadıqda onların həyat fəaliyyəti pozulur. Ona görə də illik atmosfer çöküntülərinin miqdarı 500-600 mm-dən az olan bölgələrdə meyvə bitkiləri mütləq suvarılmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, yalnız illik atmosfer çöküntülərinin miqdarının çoxluğu deyil, onun fəsillər üzrə paylanması da suvarma üçün əsas götürülməlidir.
Meyvə bitkiləri yüksək məhsul istehsalı üçün çoxlu miqdarda su sərf edir. 1 sentner məhsul istehsalı üçün vegetasiya dövründə orta hesabla 30-40 t su sərf olunur.
Bunu nəzərə alaraq meyvə bitkiləri vegetasiya dövründə, xüsusilə də yarpaqların tam formalaşdığı, meyvələrin böyüməsi və formalaşdığı, həmçinin çiçək tumurcuqlarının əsasının qoyulduğu fazalarda su ilə təmin olunmalıdır.
Suvarma norması. Sahə vahidinin suvarılması üçün ayrılmış suyun miqdarına suvarma norması deyilir.
Hər dəfə suvarma aparılarkən orta hesabla hektara qumsal torpaqlarda 400-500 m3, yüngül gillicəli torpaqlarda 600-700 m3, gillicəli torpaqlarda 800-900 m3, ağır qranulometrik tərkibli torpaqlarda 900-1000 m3 su sərf olunur.