Kopulirovka bıçağında dəstəyin arxasında sümük və ya tiyənin yuxarısında çıxıntı olmur. Bu bıçaqdan haysfus calağının vurulmasında da istifadə edirlər. Tiyəsi əyri, dəstəyi yoğun bağ bıçağı ilə yoğun zoğları, nazik budaqları, nisbətən yoğun calaqaltıları kəsirlər, kəsilmiş yarpaqların üzərini hamarlayırlar (Şəkil 5.21). Nisbətən yoğun budaqları sekatorla, daha yoğun budaqları isə mişarla kəsirlər (Şəkil 5.22).
Yarma calaq vurmaq üçün calaqaltıda yarıq açmaq məqsədilə tiyəsi əyri bağ bıçağından, xırda baltadan istifadə edilir. Qələmin yarığa geydirilməsini asanlaşdırmaq üçün zoğal, göyrüş, yemişan budağından hazırlanmış civlə yarığı ayırırlar. Zoğların qurumaması üçün onları calaq vurulanadək rütubətli qumun, ağac kəpəyinin və ya mamırın içərisində saxlayırlar. Sortların qarışmaması üçün onlara etiket bağlanır, calaqaltının gövdəsini təmizləmək üçün təmiz parçadan istifadə edilir. Çiliyi başqa yerə göndərərkən onların qurumaması üçün uclarına parafin sürtürlər. Alətlər təmiz və iti olmalıdır. Odur ki, hər 15-20 calaqaltıya bir nəfər alət itiləyən təhkim olunur. Hər briqadada ehtiyac olarsa tibbi yardım üçün yod, pambıq, tənzif olmalıdır.
5.2.4. Calaq üçün çiliklərin hazırlanması
Calaq üçün ağac çətirinin orta və yuxarı hissələrindən yaxşı yetişmiş sağlam zoğlardan kəsilib götürülür. Calaq etmək üçün standart çilik materialı rayonlaşdırılmış, məhsuldar, perspektivli, xəstəlik və zərərvericilərdən təmiz çiliklik ağaclardan tədarük edilməlidir. Çiliklik ana bağlara yüksək aqrotexniki qaydalarla xidmət olunmalıdır ki, hər il çoxlu zoğ əmələ gətirsin. Adətən bol məhsul verən ağaclarda vegetativ zoğların miqdarı az olmaqla, zoğlar zəif olur. Belə halda zoğun tədarük edilməsi xeyli çətinləşir. Çiliklik ana bağların azlığı və istənilən sortların olmaması məcbur edir ki, bol və keyfiyyətli meyvə verən bağlardan çilik tədarük edilsin. Bu isə bir çox halda tinglikdə istənilən nəticəni vermir.