Pyatnitskinin bitum pastası
Yüksək keyfiyyətli, dəyişilməyən, bitkiyə mənfi təsir göstərməyən və ucuz olan belə pastanın hazırlanması üçün 600 qram bitum pasta yanar od üzərində qaynadılmadan əridilir. Sonra od üzərindən götürüb, üzərinə tədricən hissə-hissə 1000 qram aftol yağı tökülür.
Plastilin
Məlhəm məqsədilə ağ və boz rəngli plastilinin istifadəsi müsbət nəticə verir (Şəkil 5.16).
5.2.3. Calaq vurmaqda istifadə edilən alət və avadanlıqlar
Calaq vurmaqda müxtəlif quruluşlu qələm bıçaqlarından, iri-xırda dişli mişardan, bağ qayçısından (sekator) (Şəkil 5.17, Şəkil 5.18, Şəkil 5.19 və Şəkil 5.20), xırda baltadan, çapacaqdan, çarx daşından, bülöv daşından, qayışdan, ağac çəkicdən, qabıq ayıran ağac çivdən, nərdivandan, etiketdən (birka), fırçadan, döşlükdən, təmiz parçadan, qutudan, parafindən, mamırdan, təmiz qumdan, ağac kəpəyindən və s. istifadə edilir. Göz calağı vurmaq üçün zoğdan ayrılmış sipərciyin (gözlə qabıq birlikdə) calaqaltının ştampında açılmış «T» şəkilli yarığın içərisinə yerləşdirilməsini asanlaşdırmaq üçün göz calağı bıçağının dəstəyinin ucunda və ya tiyənin yuxarısında yerləşən çıxıntı ilə «T» şəkilli yarığın qabığını qaldırıb oduncaqdan ayırırlar. Calaqaltının oduncağını zədələməmək üçün bəzən tiyənin ucunu girdələşdirirlər. Bıçağın tiyəsinin ucunda göz formalı iti çıxıntı olub, onun oturacağında iki ədəd iti qanad-pər yerləşir. Calaqaltı «T» şəkilli yarıq açmaq üçün bıçağın tiyəsinin ucunda yerləşən çıxıntını calaqaltına dirəyib onu yüngül təzyiqlə aşağı basaraq gövdədə eyni vaxtda eninə və uzununa yarıq açılır, «T»-şəkilli yarıq əmələ gəlir.