Məlhəmin hazırlanması üçün kanifol, piy, skipidar, qətran, parafin, kətan yağı, pambıq yağı, ağac külü, şam, oxra rəngindən və s. istifadə edilir. Calaq vurulan dövrdə bu hissələri qarışdırıb ya isidib ya da isitmədən istifadə edirlər. Bununla əlaqədar olaraq bağ məlhəmini «soyuq» və «isti» adlandırılan iki qrupa ayırırlar. Məlhəmin hazırlanması üçün bir neçə reseptləri nümunə üçün qeyd edirik (Cədvəl 5.1). Piy məlhəmə elastiklik, kanifol möhkəmlik verir, ağac külü, oxra rəngi isə onun ovxalanmasına imkan vermir. Skipidar, spirt, bitki yağları isə qarışıqların əriməsinə köməklik edir. Bu qarışıqlardan məlhəm hazırlanıb istifadə olunur. Məlhəm hazırlanması
üçün qarışıqları zəif od üzərində tədricən isidərək qarışdırmaqla hazırlayırlar. Hazırlanmış qarışıq qablara doldurulub calaq işlərinə qədər saxlanır. Calaq vurulan dövrdə isə məlhəm azca isidildikdən sonra istifadə olunur. Son dövrlərdə bağçılığın inkişafı ilə əlaqədar hazır məlhəmlər istehsal edilir. Respublikamızın Quba meyvə tingliyi təsərrüfatında 2,5 kiloqram kanifol, 400 qram mum, 100 qram skipidar qarışığından yüksək keyfiyyətli məlhəm hazırlanır. Məlhəm kimi aşağıdakı materiallardan istifadə edilir.
Neft zifiri və ya petrolatum
Neftin emalından alınmış petrolatumu adətən ağacları budadıqdan sonra kəsiklərin üzərinə sürtürlər. Onun yapışqanlılıq xüsusiyyətinə, dəyişən hava şəraitinə davamlılıq və ucuz olması sayəsində məlhəm kimi bağçılıqda geniş istifadə olunur (Şəkil 5.14).
Yapışqanlı lent
Belə lent həm sarğı materialı, həm də məlhəm rolunu oynayır. Lentin hazırlanması üçün bir hissə mum, 0,5 hissə kanifol, 0,5 hissə piyi dəmir qaba töküb od üzərində isidərək qarışdırır, onun içərisinə 120 santimetr uzunluğunda, 3 santimetr enində parçadan kəsilmiş lentləri töküb 5-6 dəqiqə saxlayırlar. Yapışqanlı lentləri çıxarıb, onların hər birindən 40 santimetr uzunluğunda 1 santimetr enində sarğı lentləri kəsib hazırlayırlar. Kanifol (Şəkil 5.15) olmazsa parça lentin üzərinə yalnız mum da çəkmək olar. Məişətdə işlədilən yapışqanlı (izolent) həm sarğı materialı, həm də məlhəm kimi istifadə edilə bilər.