Bu hissələr elə kəsilir ki, kəsilmiş bitki nahiyələri bir-birinin üzərinə tam otursun. Kəsiklər bir-biri üzərinə oturdulduqdan sonra həmin nahiyənin zərərvericilər və xəstəliklərlə zədələnməməsi üçün lentlə möhkəm bağlanır. Calaqdan şaxtaya, xəstəlik və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəverməni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə də istifadə olunur. Meyvəçilikdə və dekorativ bağçılıqda müxtəlif calaq üsullarından geniş istifadə olunur.
5.2.1. Calaq vurmaqda istifadə edilən sarğı
materialları
Calaq işləri aparılması üçün calaq olunmuş bitkinin calaq nahiyəsi sarğı materialları ilə bağlanaraq xarici mühitin zərərli təsirlərindən mühafizə edilir (Şəkil 5.12). Sarğı materialı elastik, yumşaq olmalıdır. Həmçinin hava şəraitinin müxtəlif amillərinə rütubətə, quraqlığa davamlı olmalıdır. Sarğı materialı islanmamalı, quruyub yığılmamalı, bitkini kəsməyən olmalıdır. Onu cökə ağacının gövdə lifindən, yun sapından, pambıq ipliyindən, çəkil qabığından, söyüd qabığından, cildən, kənafdan, Madaqaskar və ya Afrika palması adlanan rafiyarufiya bitkisinin cavan yarpaqlarından, bağ məlhəmində bir neçə saat saxlanmış və ya üzərinə mum sürtülmüş, yoğun tikiş sapından, çıxdaş olunmuş velosiped çarxının içərisindəki rezindən, təbii kauçukdan hazırlanmış özü yapışan lentdən və s. hazırlayırlar. Sarğının uzunluğu 30-40 santimetr, eni 1 santimetr olur. Müasir dövrdə sintetik pərdələrdən-polixlorvinil, poliamid və polietilen pərdələrdən hazırlanmış lentdən daha geniş istifadə edilir (Şəkil 5.13). Belə lent calağın tez tutmasını sürətləndirir, asanlıqla genişləndiyindən calaq komponentlərinin yoğunlaşmasına imkan verir, kəsiklərin içərisinə rütubətin daxil olmasına imkan vermir, işığı yaxşı keçirir.
5.2.2. Calaq prosesindən sonra istifadə edilən məlhəmlər
Calaq olunmuş nahiyənin və açıq kəsiklərin örtülməsində məqsəd yaraların, kəsiklərin içərisinə rütubətin və zərərli mikroorqanizmlərin daxil olmasının qarşısını almaqdır. Məlhəm kəsikləri yandırmayan, qurutmayan, yoğrulan, istinin təsirindən əriməyən, soyuqdan donub sərtləşməyən olmalıdır.
1-ci nümunə Kanifol 915 q Qara zift 15 q Piy 30 q Ağac külü 40 q | 2-ci nümunə Kanifol 830 q Qara zift 100 q Piy 30 q Ağac rəngi 40 q | 3-cü nümunə Kanifol 6 hissə Arı yapışqanı 2 hissə Mum 3 hissə Skipidar 1 hissə |
5-ci nümunə Kanifol 400 q Mum 200 q Piy 100 q Spirt 50 q | 6-cı nümunə Kətan yağı 2 hissə Qətran 1.2 hissə Skipidar 1 hissə | 7-ci nümunə Kanifol 1000 q Mum 150 q Pambıq yağı 0.25 |
Cədvəl 5.1. Calaq və zədələnmiş bitki orqanları üçün məlhəm reseptləri