5.1.6. Kolların bölünməsi ilə çoxaltma
Adətən kök pöhrəsi əmələ gətirən meyvəgiləmeyvə bitkilərini kolların bölünməsi yolu ilə də çoxaldırlar. Sahədə texnoloji əməliyyatın yüksək səviyyədə tətbiqi nəticəsində ana bitki külli miqdarda kök pöhrəsi əmələ gətirərək kollanır. Payızda yarpaqlar töküləndən sonra və ya yazda tumurcuqlar şişənədək yaşlı bitkiləri qazıb çıxarırlar. Çıxarılmış bitkini silkələyərək onun köklərini torpaqdan təmizləyirlər. Sonra pöhrəni ana bitkidən ehtiyatla ayırırlar. Nəticədə bir ana bitkidən özünəməxsus kökü və yerüstü hissəsi olan çoxlu bitkilər ayrılmış olur. Pöhrə ana bitkidən çətin ayrıldıqda bellə və ya balta ilə ana bitkini uzununa, yuxarıdan aşağıya doğru bölüşdürür (Şəkil 5.11).
Bitkinin kolların bölünməsi yolu ilə çoxaldılması da əvvəldə qeyd edildiyi kimi iki məqsədlə: ting yetişdirmək və calaqaltı hazırlamaq üçün tətbiq edilir. Kolların bölünməsi yolu ilə moruq, böyürtkən, nar, incir, fındıq, qarağat, firəng üzümü, heyva, almanın klon calaqaltılarını və s. bitkiləri çoxaldırlar.
5.1.7. Kökpöhrəsi ilə çoxaltma
Ana bitkinin üfüqi kökləri üzərində tumurcuqlar olur. Bu tumurcuqlar oyanıb zoğ - pöhrə əmələ gətirir. Hər pöhrənin ana bitkinin kökünə birləşdiyi yerdə kök yerləşir. Payızda yarpaq töküləndən sonra ana bitkinin ətrafını qazıb kök pöhrələrini ana bitkidən ayırırlar. Hər belə pöhrənin həm kök sistemi, həm də yerüstü hissəsi olur. Pöhrə iki məqsədlə istifadə edilir. Əgər ana bitkinin özünəməxsus kökü olarsa, bu halda onun pöhrələri də ana bitki kimi yüksək keyfiyyətli meyvə verən olacaqdır. Odur ki, belə pöhrəni calaq vurmadan, ting kimi bağ salınmasında istifadə edirlər. Əgər ana bitki calanmış olarsa calaqaltıdan çıxan pöhrələri calaqaltı olaraq istifadə edirlər. Kök pöhrəsi əmələ gətirən bitkinin bioloji üstünlüyü onun asanlıqla təbii olaraq sürətlə çoxalmasıdır.
Moruq, böyürtkən, qarağat, gavalı, albalı, göyəm, innab, çaytikanı, nar, alma, armudun bəzi növləri, fındıq, pekan və s. bitkilər kök pöhrəsi verir, hətta təbii halda keçilməz cəngəlliklər əmələ gətirirlər. Bağçılıqda qədim vaxtlarda bir çox meyvə-giləmeyvə bitkilərini kök pöhrəsi ilə çoxaldırdılar. Bitkinin kök pöhrəsi əmələ gətirməsi, onun münasib olmayan şəraitə alışması və nəslini artırması üçün inkişaf tarixində qazandığı bioloji uyğunlaşma vasitəsidir.
5.2. Calaq və calaq metodları
Hər hansı bitkinin budağının bir hissəsini (qələmini) və ya tumurcuğunu (gözcüyünü) başqa bitkiyə (calamaq) birləşdirilməsinə calaq deyilir. Bu zaman kökü torpaqda olan bitki (adətən, cır bitki olur) calaqaltı, qələm götürülən bitki hissəsi isə calaqüstü adlanır. Sadə calaqda götürülən bitkinin gövdəsi calaqüstüdə və calaqaltıda eyni yoğunluqda olur.