5.1.3. Yaşıl çiliklə çoxaltma
Otaq bitkilərinin «yaşıl» çiliklə çoxaldılması qədim tarixə malik əməliyyatdır. Meyvə-giləmeyvə bitkilərindən üzüm, limon, dəfnə albalı, qarağat, zeytun, nar, heyva, incir bitki sortlarını və almanın klon calaqaltılarını yaşıl çiliklə çoxaldırlar. Bunun üçün qutulara və ya dibçəklərə təmiz qum doldurulur. İyul-avqust aylarında parnik, istixana olduqda isə fevral-mart aylarında qeyd olunan bitkilərdən ikibuğumlu, təxminən 8-12 santimetr uzunluğunda çilik tədarük edib, üzərində iki yarpaq saxlanır, rütubətin buxarlanmaması üçün onların da ayasının yarısı kəsilib atılır. Belə çilikləri qumda 10x10 santimetr məsafədə 1 santimetr dərinliyində əkərək suvarırlar. Çiliklərə yaxşı qulluq nəticəsində qumda 25-28 selsi dərəcə temperatur şəraitində 30-40 gün ərzində kök əmələ gətirir, sonra onları çıxarıb dibçəklərə əkirlər. Bu bitki çoxaldılması üsulu Şəkil 5.8-də göstərilmiş qaydada aparılır.
Bağçılığın intensivləşdirilməsi ilə əlaqədar olaraq meyvə tinginə tələbat artır. Bu tələbatı ödəmək üçün meyvə-giləmeyvə bitkilərinin «yaşıl» çiliklə çoxaldılması sənaye təməli əsasında inkişaf etdirilir. Yaşıl çiliklə çoxaltma iki məqsədlə tətbiq edilir. Birinci məqsəd ting yetişdirməkdir. Bunun üçün vegetasiya dövründə əmələ gəlmiş zoğlardan iyun-iyul aylarında çilik tədarük edib, əvvəlcədən hazırlanmış substratda, normal rütubət, termiki havalanma şəraitində əkib, kökün və yerüstü hissənin əmələ gəlməsinə nail olurlar. Belə bitkilərə calaq vurulmur, onları öz kökü üzərində bağ salmaq üçün istifadə edirlər. İkinci məqsəd calaqaltı yetişdirməkdir. Bu məqsədlə alma bitkisinin klon calaqaltılarından, heyva və başqa bitkilərdən yaşıl çilik tədarük edilib yuxarıda qeyd edilən şəraitdə kökləndirilir. Belə calaqaltılara əvvəlcədən nəzərdə tutulmuş sortlardan calaq vururlar və özgə kökü üzərində yetişdirilmiş belə tinglərlə meyvə bağları salınır.
5.1.4. Yarpaq çiliyi ilə çoxaltma
Meyvə bitkilərindən limon, zeytun, dəfnə albalı, almanın klon calaqaltıları, böyürtkən, böyürtkənə oxşar qara moruğun çoxaldılması üçün tətbiq edilir. Bunun üçün iyul-avqust aylarında cari ilin vegetasiya dövründə əmələ gəlmiş zoğdan üzərində bir yarpaq olan hissəni sərin vaxtda iti bıçaqla kəsib ana bitkidən ayırırlar. Qutu, parnik və ya istixananın tərəcəsinə təmiz çay qumu və ya qumla torf qarışığı doldurulur və bol suvarılır, sonra yarpaq çiliyini 5x5 santimetr məsafədə, 1 santimetr dərinliyində əkib, yarpağı qumun üzərində qumla örtülməmiş vəziyyətdə qoyurlar.