Alma, armud, çəyirdəkli, qərzəkli və digər meyvə-giləmeyvə bitkilərinin, habelə klon calaqaltıların odunlaşmış çiliklə, adi üsulla çoxaldılmaları nəticə vermir. Lakin fızioloji fəal maddələrin tətbiqi və termik şəraitin yaradılması nəticəsində kök əmələ gətirməyən və az kök əmələ gətirən çiliklərin kök əmələ gətirmələrinə nail olmaq olur. Belə ki, almanın bəzi tiplərinin, heyva bitkisinin odunlaşmış çilikləri kök əmələ gətirir. Lakin, onların daha çox kök əmələ gətirmələri üçün bu bitkilərdən tədarük edilmiş çiliklərə, əkilməzdən əvvəl istiləşdirilmiş stratifikasiya (stratifikasiya - bitki orqanlarını və toxumlarını müəyyən temperaturda və şəraitdə onların tez yetişməsi üçün saxlanmasıdır) şəraitində təsir edir. Bunun üçün payızda tədarük edilmiş çiliklərin bazal tərəfinin əvvəlcədən beta indolil duzundan hazırlanmış məhlulda bir müddət saxlayıb çıxarırlar (Şəkil 5.6). Onları qutuların içərisində dəstə bağlanmış halda cərgə ilə bir-birinin üzərinə yığırlar. Onların qurumaması üçün üzərinə rütubətli qum, narınlaşdırılmış torf və ya ağac kəpəyi tökürlər. Qutuları 15-20 dərəcə istiliyi olan otaqlarda 2-6 həftə saxlayırlar. Belə termik şəraitdə qeyd olunan müddətdə çiliklərdə kök başlanğıcı əmələ gəlir. Kök başlanğıcı müşahidə olunan vaxtda qutuları 2-3 dərəcə istiliyi olan otaqlara köçürüb, mart ayında açıq sahədə əkilənədək bu şəraitdə saxlayırlar.
Qışı isti olan illərdə belə çilikləri açıq sahəyə payızda da əkmək olar. Belə çilikləri dəstə bağlayıb, onların bazal tərəfini 5 dəqiqə müddətində 0,002 faizli spirtli indolil yağ turşusu məhlulunda saxlayır, sonra çıxarıb üç həftə müddətində, +20 dərəcə temperaturda rütubətli torf doldurulmuş dibçəklərdə əkib, sintetik pərdəyə bürüyərək kök başlanğıcı əmələ gələnədək saxlayırlar (Şəkil 5.7). Çiliyin bazal tərəfində kök başlanğıcı əmələ gələn kimi onları çıxarıb açıq sahədə əvvəlcədən gübrələnib dərin şumlanmış, səthi düzəldilmiş yumşaq torpaqda və ya parnikdə əkirlər. Bu üsulla çəyirdəkli meyvə bitkilərinin də çiliklərinin kök əmələ gətirməsinə nail olurlar.
Çəyirdəkli meyvə bitkilərinin odunlaşmış çiliklə çoxaldılması nəzəri və xüsusilə təsərrüfat cəhətdən çox əhəmiyyətlidir. Bu məqsədlə oktyabr-noyabr ayının ortalarında alça və gavalı bitkilərindən çilik tədarük edib, onların bazal tərəfini beş saniyə 1500-2000 milliqram litr 30 faizli etil spirtli indolil yağ turşusunda saxlayıb, həmin ayda çilikləri açıq sahəyə əkmək yaxşı nəticə verir.