5.1.2. Odunlaşmış çiliklə çoxaltma
Zoğ vegetasiya dövrünü qurtardıqdan sonra odunlaşır. Bir sıra meyvə-giləmeyvə bitkilərinin odunlaşmış çiliklə çoxaldılması bağçılıqda qədim vaxtlardan tətbiq edilir. Bu üsulla bitki çoxaldılmasının asanlığı, artıq xərc, əmək tələb etməməsi və yüksək bitiş verməsi bağçılıqda onun geniş tətbiqinə səbəb olmuşdur (Şəkil 5.5). Odunlaşmış çiliklə çoxaldılması asan kök vermək qabiliyyəti olan meyvə bitkiləri (nar, incir, heyva, çaytikanı, firəng üzümü, qarağat, zeytun və s.) üçün tətbiq edilir.
Çilik üçün çətir daxilində olan zoğları, habelə pöhrələri kəsib tədarük edirlər. Bir qayda olaraq bitki nisbi sükunət dövründə olduqda (payızda və ya yazın əvvəllərində) tədarük edilməsi daha məsləhətdir. Çiliyin uzunluğu 20-30 santimetr, yoğunluğu 6-10 millimetr olmalıdır. Polyarlığın pozulmaması üçün çiliyin (bazal) aşağı tərəfini tumurcuğun altından düzünə, (apikal) yuxarı tərəfini isə tumurcuqdan azca yuxarı və onun arxa tərəfindən çəpinə kəsirlər. Çiliyi payızda yarpaq tökülən vaxtdan başlayaraq şaxtalar düşənədək tədarük etmək olur. Cənub rayonlarda qışı şaxtasız keçən illərdə çiliyi noyabr ayından aprel ayınadək tədarük etmək olur. Çiliyi tingliyin nəzdində yaradılmış qələmlik ana bağdan, klon calaqaltılar sahəsindən və həmçinin meyvələr yetişən dövrdə yüksək məhsul verən ağac və kol bitkilərindən tədarük edirlər. Sortların qarışmaması üçün çilikləri 50-100 ədəd birlikdə dəstə bağlayıb, hər dəstənin üzərinə etiket vururlar. Çilikləri açıq sahəyə əkənədək rütubətli təmiz çay qumu, torf, yaxud da ağac kəpəyinin içərisində 3-4 selsi dərəcə temperaturda zirzəmilərdə saxlayırlar. Çilik çox olarsa onları açıq sahədə qazılmış xəndəklərdə üzəri torpaqla örtülmüş vəziyyətdə saxlayırlar. Yazda tumurcuqları tez açılan bitkilərin çiliklərini, əkilənədək 0-1 selsi dərəcədə saxlamaq tövsiyə edilir.