Vegetasiya dövrü başladıqdan sonra şırım içərisindəki hər budağın üzərindəki tumurcuq açılıb zoğ əmələ gətirir. Belə zoğlar 6-12 santimetr uzunluğunda olarkən onların uzunluğunun yarısı qidalı torpaqla doldurulur. Zoğ uzandıqca onun torpaqla örtülməsi vegetasiya dövründə təkrar olunur. Torpaq təpəciyi hər dəfə yüksəldilir və axırıncı dibdoldurmada torpaq təpəsi 25-30 santimetr hündürlüyə çatdırılır. Vegetasiya dövründə yaxşı qulluq nəticəsində, şırıma uzadılmış hər budaq üzərində əmələ gəlib, torpaqla əhatə olunmuş zoğ kök əmələ gətirir. Şırımla uzadılmış hər budaqdan orta hesabla 5-8 ədəd, bir ana bitkinin şırıma uzadılmış bütün budaqlarından isə 40-50 ədəd köklü bitki əldə etmək olur. Odur ki, üfüqi basma iqtisadi cəhətdən çox faydalıdır.
Qövsi basma
Kol və kol tipli ağac bitkilərində olan cavan budaq və zoğlar qövs şəklində əyilərək onun qövsə oxşar hissəsi torpağa təmas etdiyi yerdə xırda çala açılır və budağın həmin hissəsinin alt tərəfindən bıçaqla bir neçə yerdən çərtib, çalanın içərisinə yerləşdirirlər. Qalxmaması üçün onu haça ilə torpağa bərkidirlər, ucunu isə torpaqla örtmədən açıq vəziyyətdə sərbəst saxlayır və ya payaya bağlayırlar. Çalanı suvarıb budağın qövs vəziyyətində olan hissəsinin üzərini yumşaq torpaqla örtürlər (Şəkil 5.3).
Budağın çalada olan qövsə oxşar hissəsi payızadək kök əmələ gətirir. Kök atmış, qövsə oxşar bu hissəni payızda kəsərək ana bitkidən ayırır və qazıb çıxarırlar. Bu üsulla hər budaqdan bir ədəd yerüstü və yeraltı hissəsi olan bitki əldə olunur.
İlanvari basma
İlanvari basma qövsi basmanın bir formasıdır (Şəkil 5.1 və Şəkil 5.4). Qövsi basmadan fərqli olaraq burada bir neçə ədəd özünəməxsus yerüstü və kök sistemi olan bitki əldə olunur. Yazın əvvəllərində budağı ehtiyatla bir neçə dəfə əyib qövs vəziyyətinə salırlar. Bir neçə dəfə qövs vəziyyətinə salınmış belə budaq ilanvari olur. Hər qövsün torpağa təmas etdiyi yerin alt hissəsini iti bıçaqla çərtib çalanın içərisinə yerləşdirir, ağac və ya məftil haça ilə torpağa bərkidir, çalanın içərisini torpaqla doldurur, suvarır, budağın ucunu isə sərbəst buraxır və ya payaya bağlayırlar. Yaxşı qulluq nəticəsində hər budaqdan 3-4 ədəd yerüstü və kök sistemi olan bitki əldə edilir. Payızda kök əmələ gətirmiş hər qövsi budaq kəsilib ayrılır və əvvəlcədən müəyyən edilmiş yerə əkilir.