Uc tumurcuqla çoxaltma
Uc tumurcuqla çoxaltma şaquli basma üsuluna daxildir. Təbii halda böyürtkən və böyürtkənə bənzər qara moruğun gövdəsinin ucunda yerləşən tumurcuq tam böyüyüb inkişaf etdikdən sonra ağırlaşır və əyilərək torpağa batır və kök əmələ gətirir. Bitkinin belə təbii üsulla çoxalmasına təpə tumurcuqla çoxalma, uc tumurcuqla çoxalma və ya pulpa çoxalma deyilir. Bu çoxaltma üsulunu süni surətdə bağçılıqda qeyd olunan bitkilər üçün tətbiq edirlər. İyul-avqust aylarında bitkinin ətrafındakı torpağı yumşaldıb gübrə verib, suvarırlar. Sonra bitkinin hər gövdəsini qövs formasında ehtiyatla əyib ucundakı tumurcuğu torpağa 8-10 santimetr dərinliyində basdırırlar. Müntəzəm qulluq nəticəsində tumurcuq yeraltı və yerüstü hissə əmələ gətirir. Payızda yarpaq töküləndən sonra hər belə bitkini ana bitkidən kəsib ayırır, torpaqdan çıxararaq əvvəlcədən müəyyən edilmiş yerə əkirlər. Bu çoxaltma üsulunun süni surətdə tətbiqi bitkinin çoxalma əmsalının yüksəlməsinə və təsərrüfatların tələb olunan miqdarda əkin materialı ilə təmininə, geniş sahələrdə plantasiyaların salınmasına imkan verir (Şəkil 5.3).
Üfüqi basma
Üfüqi basmaya çin basması da deyilir. Yazın başlanğıcında, hələ tumurcuqlar açılmazdan çox əvvəl ana bitkini torpaq səthindən 5-10 santimetr hündürlüyündə kəsirlər. Kötükdə olan tumurcuqlar oyanaraq çoxlu zoğ əmələ gətirir. Yaxşı qulluq nəticəsində zoğlar payızadək normal uzunluqda olurlar. Əgər basma tətbiq ediləcək kol bitkisində, ötən ilki birillik zoğlar varsa, o zaman yerüstü hissə kəsilmədən həmin zoğlardan basma üçün istifadə etmək olar. Yazda tumurcuqlar açılmazdan əvvəl hər belə anaclıq bitkinin ətrafında cərgələrin uzununa 6-8 santimetr enində, 6-8 santimetr dərinliyində, hər zoğun uzunluğuna münasib şırımlar açılır. Basdırılacaq zoğu (budağı) tədricən ehtiyatla əyərək üfüqi vəziyyətə gətirib, hər şırımın içərisinə bir zoğ uzadır, onun qalxmaması üçün bir-iki yerdən onu ağac və ya məftil haça ilə torpağa bərkidirlər.