Bu üsulla bitki çoxaldılması üçün, budağın tumurcuğu və onun qabığı çıxarılmış və ya çərtilmiş yeri, dibçəyin içərisində yerləşdirilir (Şəkil 5.2). Dibçək hissələrə ayrılmasın deyə onları bir-birinə kəndir və ya məftillə möhkəm sarıyıb bərkidirlər. Dibçəyin içərisini qabaqcadan hazırlanmış qidalı, yumşaq, yüngül bağ torpağı ilə doldururlar. Dibçəyin ağırlığından budağın qırılmasının qarşısını almaq məqsədilə onu ağacın başqa budağına, gövdəsinə və ya payaya bağlayırlar. Dibçək içərisində yerləşdirilmiş budağın kök əmələ gətirməsi üçün dibçəyi, o cümlədən ana bitkini vaxtlı-vaxtında suvarmaq, torpağı yumşaltmaq, zərərvericilərə, xəstəliklərə qarşı mübarizə tədbirləri görmək lazımdır. Bu şəraitdə budaq 5-6 ay müddətində geniş kök sistemi və yerüstü hissə əmələ gətirir. Payızda belə budağı bağ qayçısı (sekator) ilə dibçəyin dibindən kəsib ana bitkidən ayıraraq yeni dibçəyə əkirlər. Bu qayda ilə məhsul verən bir ədəd yaşlı ağacdan 4-6 ədəd yeni bitki yetişdirmək olur. Onlar həmin ili və ya 2-3 ildən sonra məhsul verirlər.
Havada basmanın tətbiqi üçün hiqroskopiklik xüsusiyyətinə malik materialdan, məsələn, mamırdan və ya yun parçadan da istifadə etməklə, budaq üzərində epidermisi çıxarılmış sahəni büküb vaxtlıvaxtında suvarmaqla onun kök əmələ gətirməsinə nail olurlar (Şəkil 5.2). Bu məqsədlə sintetik pərdələrdən, məsələn polietilen, poliamid, polixlorvinil pərdələrdən də istifadə edilir. Bunun üçün budağın kök əmələ gələcək yerində qabığın epidermisini çərtib və ya çıxartdıqdan sonra həmin yeri mamıra bürüyüb üzərini pərdə ilə, pərdənin üzərini isə şəffaf, yapışqanlı, sellülozlu lentlə bir neçə yerdən sarıyırlar. Budaq kök əmələ gətirdikdən sonra onu ana bitkidən kəsib ayırırlar. Kökün əmələ gəlməsini sürətləndirmək üçün fizioloji fəal maddələrdən hazırlanmış pastaların tətbiqi yaxşı nəticə verir. Havada basma Şəkil 5.11-də əks olunmuş ardıcıllıqla aparılır.
Kök əmələ gətirmək üçün budaqları çətir daxilində elə seçmək lazımdır ki, köklənmiş budaq kəsilib ana bitkidən ayrıldıqdan sonra ağacın çətiri öz formasını itirməsin.