Şaquli basma
Basmanın bu növünə dibdoldurma və ya boğazdoldurma da deyilir. Onun icrası üçün yazın əvvəllərində hələ tumurcuqlar açılmazdan çox əvvəl ana bitkini torpaq səthindən 5-10 santimetr hündürlüyündə ölçüb, onun bu ölçüdən yuxarı hissəsini kəsib atırlar. Kötükdə olan tumurcuqlardan əmələ gəlmiş zoğlar 25-30 santimetr uzunluğunda olduqda, onların uzunluğunun yarısını qidalırütubətli yumşaq torpaqla örtürlər. Zoğlar 50-60 santimetr uzunluğunda olduqda ikinci dəfə dibdoldurma aparılır. Torpaqla örtülmüş hər zoğun uzunluğunun yarı hissəsi torpaqlanmayaraq açıq vəziyyətdə qalır. Hər zoğun torpaqla örtülməmiş hissəsindəki yarpaqlar topladıqları plastik maddələrlə zoğu təmin edir, ana bitki isə torpaqdan suyu və suda ərimiş mineral maddələri kökləri ilə sorub həmin zoğlara verir. Zoğların qidalı maddələrlə iki tərəfdən təmin olunmaları onların sürətlə böyümələrinə, rütubətli torpaqla əhatə olunmaları isə qüvvəli kök əmələ gətirmələrinə şərait yaradır. Ardıcıl qulluq nəticəsində hər anaclıq bitkidən 6-8 ədəd köklü bitki yetişdirilir. Adətən oduncağı kövrək olan klon calaqaltılarını şaquli basma üsulu ilə çoxaldırlar.
Havada basma
Havada basma şaquli basmanın dəyişdirilmiş formasıdır. Çətir daxilində seçilmiş budağın kök əmələ gətirməsi prosesi torpaq səthindən hündürdə icra olunduğundan belə basma havada basma adlandırılır. Bu üsulla meyvə-giləmeyvə və digər bitkilərin kütləvi çoxaldılması xüsusi qulluq və xərc tələb etdiyindən səmərəli sayılmır. Odur ki, bu üsul bağçılıq həvəskarları tərəfindən məhdud şəkildə limon, qızılgül, zoğal və bəzək bitkilərinin çoxaldılması üçün istifadə edilir (Şəkil 5.1).
Bu üsulun tətbiqi üçün yazın əvvəllərindən və ya iyun-iyul aylarında çətir daxilində bir və ya bir neçə ədəd budaq seçilir, onların müəyyən hissəsində, seçilmiş tumurcuğun altında olmaq şərtilə, oduncağı zədələmədən qabığın epidermisini, 1,5-2 santimetr enində çıxarır və ya onu iti bıçaqla uzununa bir neçə yerdən çərtirlər. Burada məqsəd assimilyasiya məhsullarının kökə axımını ləngitmək və həmin zonada hüceyrə şirəsinin qatılığını artırmaqdır.